PFL prezidenti: Xankəndi şəhər stadionunda beynəlxalq oyunlar belə keçirmək olar
İlk növbədə, bu gün burada olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun antiterror əməliyyatından sonra işğaldan azad olunmuş Xankəndidə, yenidən qurulmuş şəhər stadionunda Azərbaycan çempionatının oyununu izləmək əvəzolunmaz hisslərdir.
Operativ Media xəbər verir ki, bunu PFL prezidenti Elxan Səmədov Xankəndi şəhərində baş tutan "Xankəndi" - "Karvan-Yevlax" matçından sonra deyib.
Bildirib ki, stadionun müasir standartlara uyğunlaşdırılması, burada yaradılan şərait təqdirəlayiqdir. Bu əməyə görə xüsusilə Cənab nazir Fərid Qayıbovun simasında Gənclər və İdman Nazirliyinə təşəkkür düşür. Əlbəttə, bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin hər bir bölgəsində təbliği, inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq.
O qeyd edib ki, ilk növbədə, burada olmaq və Xankəndidə çempionat matçını izləmək mənim üçün xüsusi hisslər doğurur. Son illərdə Birinci Liqanın səviyyəsinin yüksəlməsi göz qabağındadır.
Hazırda burada maraqlı rəqabət var və çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Ümumilikdə, məqsədimiz futbolun yalnız paytaxtda deyil, ölkəmizin bütün bölgələrində inkişafına, futbol coğrafiyasının genişlənməsinə şərait yaratmaqdır. Bildiyiniz kimi, stadion UEFA-nın III kateqoriyasına aiddir, nəinki Premyer Liqa, beynəlxalq oyunları belə bu stadionda keçirmək olar. İnanıram ki, bu arena gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcək və Xankəndidə futbol ənənələrinin bərpasına mühüm töhfə verəcək.