İşləyən tələbələr üçün əmək qanunvericiliyində hansı güzəştlər var?
Təhsil almaqla əmək fəaliyyətini paralel davam etdirən şəxslər üçün əmək qanunvericiliyində bir sıra xüsusi təminatlar nəzərdə tutulur. Bu təminatlar tələbənin təhsil prosesində iştirakını asanlaşdırmaq, imtahan və digər tədris öhdəliklərini yerinə yetirməsinə şərait yaratmaq məqsədi daşıyır.
Bu sözləri Operativ Media-ya vəkil Səma Əhmədova deyib.
O bildirib ki, ilk növbədə, işləyən tələbələrin ödənişli təhsil məzuniyyəti hüququ vardır. Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı təhsil alan işçilərə tədris sessiyalarında iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlama və imtahanları vermək, dövlət imtahanlarına hazırlaşmaq, habelə diplom layihəsini hazırlamaq və müdafiə etmək üçün ödənişli təhsil məzuniyyəti verilir. Bu məzuniyyət müddətində işçiyə orta əmək haqqı ödənilir:
“Məzuniyyətin müddəti təhsil müəssisəsinin növündən, təhsil formasından və təhsil mərhələsindən asılı olaraq dəyişir. Belə ki, ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə birinci və ikinci kurslarda 30, digər kurslarda isə 40 təqvim günü; orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alanlara birinci və ikinci kurslarda 20, digər kurslarda 30 təqvim günü ödənişli məzuniyyət verilir. Dövlət imtahanları üçün 30 təqvim günü, diplom işinin hazırlanması və müdafiəsi üçün isə ali təhsil müəssisələrində 4 ayadək, orta ixtisas təhsili müəssisələrində 2 ayadək məzuniyyət nəzərdə tutulur. Bu hüquqdan təhsil müəssisəsinin arayışı əsasında istifadə edilir.
İşləyən tələbələrin digər mühüm hüququ əmək məzuniyyətindən əlverişli vaxtda istifadə etməkdir. Əmək Məcəlləsinin 131-ci maddəsinin 3-cü hissəsinə əsasən, işləməklə yanaşı təhsil alan şəxslərə əmək məzuniyyəti onların arzusu ilə əlverişli vaxtda verilir. Bu o deməkdir ki, tələbə təhsil prosesinin, imtahanların və digər tədris öhdəliklərinin nəzərə alınmasını tələb edə və əmək məzuniyyətinin vaxtını öz arzusu ilə müəyyən edə bilər.
Bundan əlavə, Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü hissəsinin “e” bəndinə əsasən, təhsil müəssisələrində oxuyan şəxslər kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda, işin birinci ili üçün əmək məzuniyyətindən 6 ay işləmə şərti olmadan istifadə edə bilərlər.
Eyni zamanda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi təhsilini davam etdirmək məqsədilə müvafiq təhsil müəssisəsinə daxil olan işçinin əmək müqaviləsinə ərizəsində göstərdiyi tarixdə xitam verilməsi imkanını nəzərdə tutur. Bu halda işçi əmək münasibətlərinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan əsasdan istifadə edə bilər”.