Bu il istehlakçı hüquqlarının pozulması ilə bağlı 41 protokol tərtib edilib
2026-cı ilin ilk 10 ayında icrası davam etdirilən müraciətlərin sayı 868, tərtib olunan protokolların sayı isə 41 olub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Lənkəranda keçirilən “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda media təlimində İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı məlumat verib.
Onun sözlərinə görə, satılmış malın dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması ilə bağlı 2 protokol, elektron siqaretlərin və ya onların komponentlərinin satışı və satış məqsədilə saxlanılması, qiymət intizamının pozulması, eləcə də malların, işlərin və xidmətlərin qiymətinin manatla göstərilməməsi halları üzrə hər biri 1 protokol tərtib edilib.
Bundan başqa, istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması, standartlara uyğun olmayan malların istehsalı və satışı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi, həmçinin vəzifəli şəxslərin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi ilə bağlı da hər biri 1 protokol rəsmiləşdirilib.
Y. Tapdıqlı qeyd edib ki, ən çox protokol istehlakçıların malın ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılması faktları üzrə tərtib olunub.