Menyu

"Karvan-Yevlax"ın baş məşqçisi: Digər komandalar üçün də Xankəndidə oynamaq çətin olacaq

Operativ Media
"Karvan-Yevlax"ın baş məşqçisi: Digər komandalar üçün də Xankəndidə oynamaq çətin olacaq
1 dəq oxu

“Bizim də meydançamız süni ot örtüklüdür. Sadəcə, futbolçular meydanda boğulma hissi yaşayırdılar. Düşünürəm ki, Xankəndinin bir qədər yüksəklikdə yerləşməsi hava şəraitinin təsirini göstərdi. Futbolçular tam nəfəs ala bilmirdilər. Digər komandalar üçün də burada oynamaq kifayət qədər çətin olacaq”.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan I Liqasında çıxış edən “Karvan-Yevlax” klubunun baş məşqçisi Ramiz Məmmədov VII turda “Xankəndi” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanın Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Çoxdandır Xankəndidə futbol oynamırdıq. Şükürlər olsun ki, şəhərin yenidən qurulmasından sonra burada oynamaq bizə də nəsib oldu. Buna görə dövlətimizə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu şəraiti yaradan, burada əməyi olan hər kəsə təşəkkürümü çatdırıram.

Oyunu qazanmağımıza baxmayaraq, hesab edirəm ki, bu, təkcə bizim üçün bayram deyil. Hiss edirəm ki, “Xankəndi” klubunun fəaliyyətə başlaması və burada futbolun yenidən canlanması bütövlükdə Azərbaycan futbolu üçün də uğurdur. Sevincliyik. Futbolçularımıza təşəkkürümüzü bildirdik. Verilən tapşırıqları, demək olar ki, layiqincə yerinə yetirdilər. Hər birinə minnətdaram. “Xankəndi”yə və bütün Azərbaycan klublarına gələcək oyunlarda uğurlar arzulayıram”.

Məmmədov komandanın komplektləşdirilməsi, futbolçuların çıxışı və Premyer Liqaya yüksəlmək hədəfi barədə də danışıb:

“MOİK, “Səbail” və “Şahdağ Qusar” kimi klublarla müqayisədə biz komandamızı bir qədər gec formalaşdırdıq. Buna baxmayaraq, heyətə cəlb etdiyimiz futbolçuların, demək olar ki, hamısından razıyıq. Premyer Liqaya yüksəlmək üçün qarşımıza qoyduğumuz tapşırıqları nizam-intizamla yerinə yetiririk. Rəhbərlik daim yanımızdadır və bizi dəstəkləyir. Ehtiyac yaranarsa, heyəti gücləndirmək imkanımız da var. Klub rəhbərliyi yüksək liqaya yüksəlmək üçün lazım olan hər şeyi etməyə hazırdır. Lakin hələlik əlavə futbolçuya ehtiyac duymuruq”.

Əlaqəli Xəbərlər