Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Quba və Xaçmaz rayonlarında təşkil olunan “Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı” mövzusunda maarifləndirici tədbir çərçıvəsində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində sahə görüşü keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə KTN məlumat yayıb.
Görüşün əsas məqsədi müasir meyvəçilikdə məhsuldarlığa və bağların uzunömürlülüyünə təsir göstərən aqrotexniki üsullar barədə fermer və mütəxəssislərin məlumatlılığını artırmaq, elmi biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsinə şərait yaratmaq olub.
Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə bildirib ki, Mərkəz tərəfindən təşkil olunan təlimlər, maarifləndirici tədbirlər və praktiki sahə görüşləri regionların kənd təsərrüfatı üzrə ixtisaslaşması, mövcud istehsal potensialı və fermerlərin ehtiyacları nəzərə alınmaqla həyata keçirilir. O qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda tingçilik sahəsinin inkişafı, müasir texnologiyaların tətbiqi, aqrar bilik və bacarıqların artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Sahə görüşündə beynəlxalq ekspert Serkan Şimşek meyvə ağaclarında calaqetmə üsulları, calaqaltı və sort uyğunluğunun düzgün müəyyənləşdirilməsi, müxtəlif calaqaltı-sort kombinasiyalarının üstünlükləri və onların yerli torpaq-iqlim şəraitinə uyğun seçilməsi, eləcə də praktikada tətbiqi barədə ətraflı məlumat verib. Həmçinin sertifikatlı meyvə tinglərinin istehsal mərhələləri, ting materialının keyfiyyətinə nəzarət, istehsal prosesində beynəlxalq standartların tələblərinin nəzərə alınması, tinglərin düzgün seçilməsi və qiymətləndirilməsi məsələlərinə toxunub. İştirakçılara sağlam və standartlara uyğun əkin materialının əldə edilməsi, istehsal zamanı keyfiyyət göstəricilərinin qorunması ilə bağlı praktiki biliklər təqdim olunub, müasir tingçilik təcrübəsinin bağların məhsuldarlığına, davamlılığına və uzunömürlülüyünə təsiri diqqətə çatdırılıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində regionların ehtiyacları nəzərə alınmaqla, aparılan sorğuların nəticələrinə əsasən aqrar sahənin müxtəlif istiqamətləri üzrə maarifləndirici tədbirlər təşkil olunur.