Menyu

Bakıda avtomobil sığortası niyə daha yüksək hesablanır?

Xəbərlər redaksiyası
Bakıda avtomobil sığortası niyə daha yüksək hesablanır?
2 dəq oxu

Avtomobillərin icbari sığortası üzrə illik ödənişin hesablanmasında həm nəqliyyat vasitəsinin daha çox istifadə olunduğu ərazi, həm də sahiblərinin sayı nəzərə alınır. Bakı şəhərində tətbiq olunan ərazi əmsalı digər şəhər və rayonlarla müqayisədə 15,8 faiz yüksəkdir.

Operativ Media xəbər verir ki, sığorta haqqının hesablanması zamanı avtomobilin daha çox istifadə olunduğu əraziyə uyğun əmsal tətbiq edilir.

Belə ki, Bakı şəhəri üçün əmsal 1,1 müəyyən edilib. Sumqayıt şəhəri və Abşeron rayonunda bu göstərici 1,05, Gəncə şəhəri və Naxçıvan Muxtar Respublikasında 1, digər şəhər və rayonlarda isə 0,95 təşkil edir.

Müqayisə göstərir ki, Bakı üzrə əmsal Sumqayıt və Abşeronla müqayisədə təxminən 4,8 faiz, Gəncə və Naxçıvanla müqayisədə 10 faiz, digər şəhər və rayonlarla müqayisədə isə 15,8 faiz yüksəkdir.

Bundan başqa, fiziki şəxslər tərəfindən icbari sığorta müqaviləsi bağlanarkən avtomobil sahiblərinin sayı da nəzərə alınır. Sahiblərin sayı dörd və ya daha az olduqda 1 əmsalı, beş və ya daha çox olduqda isə 1,15 əmsalı tətbiq edilir. Başqa sözlə, beş və daha çox sahib olduqda bu göstərici üzrə sığorta haqqı 15 faiz artır.

Avtomobil sahiblərinin sayı nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də nəqliyyat vasitəsindən istifadə və ya ona sərəncam vermək hüququnu təsdiqləyən etibarnamə əsasında müəyyən olunur.

Bakıda avtomobil sığortası niyə daha yüksək hesablanır?

Mövzu ilə bağlı Operativ Media-ya danışan Liberal İqtidasçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Bakıda avtomobillərin icbari sığortasının daha baha olmasının əsas səbəbi paytaxtda nəqliyyat sıxlığının və qəza risklərinin digər ərazilərlə müqayisədə yüksək olmasıdır:

"Çünki sığorta şirkətləri sığorta haqqını hesablayarkən yalnız avtomobilin markasını və texniki göstəricilərini deyil, onun daha çox istifadə olunduğu ərazidə baş verə biləcək riskləri də nəzərə alırlar".

O bildirib ki, Bakıda avtomobillərin sayı çoxdur, yolların yüklənməsi yüksəkdir, gün ərzində intensiv hərəkət və tıxaclar müşahidə olunur:

“Belə şəraitdə kiçik və böyük yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı artır. Bu isə sığorta şirkətlərinin ödəməli olduğu kompensasiyaların həcminə təsir göstərir. Ərazi əmsalının müəyyənləşdirilməsində də əsas iqtisadi məntiq risklərin fərqləndirilməsidir.

Yəni qəza ehtimalı və sığorta ödənişləri daha yüksək olan ərazilərdə sığorta haqqı da yüksək müəyyən edilir.

Digər tərəfdən, bu yanaşmanın sosial tərəfi də var. Bakı ilə ucqar rayonlarda yaşayan avtomobil sahiblərinin gəlirləri və yaşayış xərcləri eyni deyil. Ona görə də sığorta tariflərinin müəyyənləşdirilməsində ərazi riskləri ilə yanaşı, əhalinin sosial vəziyyətinin də nəzərə alınması müzakirə oluna bilər.

Bununla belə, sığorta haqqının fərqləndirilməsi üçün əsas meyar risk olmalıdır. Əsas məsələ odur ki, tətbiq edilən əmsallar real qəza statistikası və sığorta ödənişləri ilə əsaslandırılsın”.

Əlaqəli Xəbərlər