Bu ilin 10 ayında istehlakçılara 315 min manata yaxın vəsait qaytarılıb
2026-cı ilin ilk 10 ayında istehlakçı müraciətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 207, qaytarılan vəsaitin məbləği isə 13 205,4 manat artıb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Lənkəranda keçirilən “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda media təlimində İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı məlumat verib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin statistikasına əsasən, 2025-ci ilin ilk 10 ayında 7 053 müraciət daxil olub, 2 105 müraciət təmin edilib və istehlakçılara 301 792,1 manat qaytarılıb. 2026-cı ilin eyni dövründə isə daxil olan müraciətlərin sayı 9 260-a, təmin edilən müraciətlərin sayı 2 399-a, qaytarılan vəsaitin məbləği 314 997,5 manata çatıb.
2025-ci ildə Agentlikdə 5 032 müraciətə baxılması yekunlaşıb, 1 560 müraciət aidiyyəti orqanlara göndərilib, 461 müraciətin icrası növbəti aylara qalıb. Həmin dövrdə 51 protokol tərtib edilib.
2026-cı ilin ilk 10 ayında isə baxılması yekunlaşan müraciətlərin sayı 6 080, aidiyyəti orqanlara göndərilənlərin sayı 2 312, icrası davam etdirilənlərin sayı 868 olub. Tərtib edilən protokolların sayı isə 41 təşkil edib.