Dövlət Duması: Ermənistanın KTMT-dən çıxması onun milli maraqlarına uyğun deyil
Redaksiya
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması onun milli maraqlarına uyğun gəlmir.
"Operativ Media" xəbər verir ki, bunu “Gazetoy.Ru”ya müsahibəsində Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Dmitri Novikov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-dən çıxması ehtimalı ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Hesab edirəm ki, Ermənistanın KTMT-dən çıxması Ermənistanın milli maraqlarına uyğun gəlmir. Əgər Ermənistanın hazırkı hakimiyyəti öz ölkəsinin və xalqının maraqlarına hörmət etmək zərurətinə əməl edərsə, o zaman KTMT-dən çıxmaqdan söhbət gedə bilməz”, - Novikov bildirib.
Onun sözlərinə görə, Paşinyan indiki hərəkətləri və bəyanatları ilə Ermənistanın həm Rusiya, həm də Qərblə münasibətlərini qoruyub saxlamağa, baş nazir kürsüsündə qalmağa çalışır.
“Paşinyan ağır daxili siyasi vəziyyətdə, ağır beynəlxalq vəziyyətdədir. Bir tərəfdən Ermənistanın Rusiya Federasiyası ilə müttəfiqlik öhdəliklərini yerinə yetirməsi zərurəti ilə bağlı mövqe var . Digər tərəfdən, Rusiya ilə dostluq münasibətləri qorunacağı təqdirdə Ermənistanı ciddi sanksiyalarla hədələyən Qərb dövlətlərinin təzyiq faktoru var”, - Novikov hesab edir.
Teqlər:
"Dövlət Duması: Ermənistanın KTMT-dən çıxması onun milli maraqlarına uyğun deyil"