İran Hörmüz boğazının açılması planını açıqlayıb
İran Hörmüz boğazının qısa müddətdə açılmasını və ABŞ ilə yekun razılaşma üzrə danışıqların başlanmasını nəzərdə tutan planını qüvvədə saxlayır.
Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib. Onun sözlərini “Tasnim” agentliyi yayıb.
Nazirin sözlərinə görə, İranın təklif etdiyi plan qısa müddətdə nəticə verə bilər. Bunun üçün Hörmüz boğazı açılmalı, Tehranın tələblərinin yerinə yetirilməsi şərti ilə yekun razılaşmanın əldə olunması istiqamətində danışıqlara başlanılmalıdır.
Əraqçi hazırda danışıqlar prosesində ictimaiyyətə açıqlana biləcək yeni irəliləyişlərin olmadığını bildirib.
O, planı əsaslandırılmış və balanslaşdırılmış adlandıraraq, sənəddə həm İranın tələblərinin, həm də qarşı tərəfin mövqeyinin nəzərə alındığını vurğulayıb.
“Bizim tələblərimiz nə qeyri-adidir, nə də yenidir. Onların hamısı müxtəlif formalarda əvvəllər də irəli sürülüb və bir çoxunun altında ABŞ Prezidenti Donald Trampın imzası var”, – deyə nazir İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Günü münasibətilə keçirilən tədbir çərçivəsində qeyd edib.