Güclü küləkdə kranlarla iş dayandırılır: İşçilərin maaşı necə hesablanır?
Havanın həddindən artıq isti və ya soyuq olması, eləcə də güclü külək iş şəraitinə təsir etdikdə işçilərə əlavə fasilələr verilməsi və ya işin tam dayandırılması nəzərdə tutulur. Belə hallarda əməkhaqqının necə ödənilməsi də qanunvericiliklə müəyyən edilir.
Operativ Media xəbər verir ki, soyuq hava və şiddətli külək şəraitində açıq havada, həmçinin ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda çalışan işçilərə qızınmaq üçün fasilələr verilməlidir. Zəruri hallarda isə iş dayandırılır.
Havanın temperaturu 41 dərəcədən yuxarı olan isti və açıq iş yerlərində, eləcə də soyuq mövsümdə temperaturun müsbət 14 dərəcədən aşağı olduğu isidilməyən qapalı binalarda işləyənlərə də xüsusi fasilələr verilir və iş dayandırıla bilər. Küləkli havada açıq iş yerlərində, o cümlədən həmin ərazilərdəki qurğularda çalışanlar üçün də bu qaydalar tətbiq olunur.
Fasilələr iş vaxtı hesab edilir və həmin müddət üçün işçilərə tarif maaşları əsasında əməkhaqqı ödənilir. İş dayandırıldığı halda isə boşdayanma vaxtının ödənişi işçinin təqsiri olmadan yaranan boşdayanma kimi hesablanır və tarif maaşının üçdə iki hissəsindən az ola bilməz.
Əməyin mühafizəsi məqsədilə iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Əgər o, daha az maaşlı işə yönləndirilərsə, əvvəlki vəzifəsi və ya peşəsi üzrə əməkhaqqı saxlanılır.
Qaydalar quruda istismar olunan kranlarla işləyənlərə də şamil edilir. Küləyin gücü 6 bal və daha artıq olduqda bu kranlarla görülən bütün işlər dayandırılır. Lakin küləyin gücü 6-8 bal arasında olduqda kranların texniki pasportunda buna icazə verildiyi hallar istisna təşkil edir. Küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarla bütün işlər mütləq dayandırılmalıdır.