Monteneqroda üç Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜATLAR
Monteneqronun paytaxtı Podqoritsada üç Azərbaycan vətəndaşı narkotik vasitələrlə bağlı insidentə görə saxlanılıb. Onlardan birinin narkotik maddənin təsiri altında avtomobil idarə etdiyi, digər ikisinin isə marixuana saxladığı müəyyən edilib.
Operativ Media xəbər verir ki, bu barədə Monteneqro Polis İdarəsi məlumat yayıb.
Hadisə noyabrın 28-də Podqoritsanın Çiyevna yaşayış məntəqəsində baş verib. Yol polisi əməkdaşları “Stop” nişanının tələbinə əməl etməyən avtomobili saxlayaraq yoxlayıblar. Nəqliyyat vasitəsində 36 yaşlı İ.A., 39 yaşlı F.M. və 49 yaşlı E.Ş. adlı Azərbaycan vətəndaşları olublar.
Avtomobili idarə edən 36 yaşlı İ.A. dayanma nişanının tələbini pozduğuna görə saxlanılıb. Tibbi müayinənin nəticəsində onun marixuananın təsiri altında sükan arxasına keçdiyi müəyyən edilib. O, Podqoritsa Xətalar Məhkəməsinə aparılıb və iki qayda pozuntusuna görə 550 avro cərimələnib.
Avtomobildə sərnişin qismində olan digər iki şəxsin üzərindən də marixuana aşkarlanıb. Onlardan F.M.-nin üzərində marixuana olan bağlama və bir ədəd hazır siqaret, E.Ş.-nin üzərində isə marixuana olan bağlama və bir siqaret tapılıb.
Polisin apardığı araşdırma zamanı F.M.-nin marixuananı narkotik vasitə kimi istifadə etmək məqsədilə əldə etdiyi, daha sonra hazırladığı siqareti E.Ş. ilə birlikdə çəkdiyi və ona əlavə olaraq marixuana ilə dolu bağlama və bir siqaret verdiyi ehtimal olunub.
Podqoritsa Ali Dövlət Prokurorluğunun prokuroru araşdırma materiallarını nəzərdən keçirdikdən sonra hadisədə qurumun səlahiyyətlərinə aid cinayət tərkibinin olmadığını bildirib və materialların Podqoritsa Əsas Dövlət Prokurorluğuna göndərilməsini tapşırıb.
Əsas Dövlət Prokurorluğu F.M.-nin hərəkətlərində narkotik vasitələrin istifadəsinə şərait yaratma cinayətinin əlamətlərinin olduğunu müəyyən edib. Onun saxlanılması və qanunla nəzərdə tutulan müddətdə ittiham aktı ilə məhkəməyə təqdim edilməsi barədə göstəriş verilib.
E.Ş.-nin hərəkətlərində cinayət tərkibi müəyyən edilmədiyindən o, narkotik vasitələrdən sui-istifadənin qarşısının alınması haqqında qanunu pozduğuna görə saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək Xətalar Məhkəməsinə göndərilməsi qərara alınıb.
Bundan əlavə, hadisə ilə əlaqədar Sərhəd Polisi İdarəsinin miqrasiya müfəttişləri hər üç Azərbaycan vətəndaşının yaşayış icazələrinin ləğvi ilə bağlı prosedura başlayıblar.