Menyu

Analıq məzuniyyətində maaşın 100%-i ödənilir? – Hüquqşünas izah edir

Ayşən Sadıxzadə
Analıq məzuniyyətində maaşın 100%-i ödənilir? – Hüquqşünas izah edir
2 dəq oxu

Hamiləlik və doğuş qadınların əmək hüquqları baxımından əlavə təminatlara malik olduğu dövrlərdəndir. Bu müddətdə verilən məzuniyyətin neçə gün davam etməsi, müavinətin hansı qaydada hesablanması və ödənişin işəgötürən, yoxsa dövlət tərəfindən həyata keçirilməsi isə çalışan qadınlar üçün aktual suallardandır.

Vəkil Turan Abdullazadə mövzu ilə bağlı Operativ Media-ya danışıb.

O bildirib ki, hamiləliyə və doğuşa görə məzuniyyət Əmək Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənir. Ümumi qaydaya görə qadına 126 təqvim günü məzuniyyət verilir:

“Bunun 70 günü doğuşdan əvvələ, 56 günü isə doğuşdan sonraya düşür. Doğuş ağırlaşmalı keçərsə və ya qadın iki və daha çox uşaq dünyaya gətirərsə, doğuşdan sonrakı hissə 70 günədək uzanır və ümumi müddət 140 gün olur. Kənd təsərrüfatı istehsalında çalışan qadınlar üçün daha uzun müddətlər nəzərdə tutulub: normal doğuşda 140 gün, ağırlaşmış doğuşda 156 gün, çoxdöllü doğuşda isə 180 gün. İki aylığadək uşağı övladlığa götürən qadınlara da 56 günlük məzuniyyət verilir.

Müavinətin hesablanmasına gəlincə, burada əsas göstərici qadının orta gündəlik qazancıdır. Məzuniyyətin başladığı aydan əvvəlki ardıcıl dörd rüb, yəni təxminən bir il götürülür. Həmin dövrdəki ümumi qazanc o dövrün təqvim günlərinin sayına bölünür. Xəstəlik dövrləri və qismən ödənişli sosial məzuniyyət kimi bəzi günlər bu hesablamaya daxil edilmir. Alınan günlük məbləğ məzuniyyət günlərinin sayına vurulur və müavinət orta qazancın tam həcmində ödənilir. Sadə bir misal çəkim: ayda 1000 AZN maaş alan qadının illik qazancı 12.000 manat edir. Bunu 365-ə böləndə gündəlik təxminən 33 manat alınır, 126 günə vuranda isə müavinət təxminən 4 140 manat olur. Bir məhdudiyyət də var: aylıq müavinət minimum aylıq əmək pensiyasının 25 mislindən çox ola bilməz. Müavinət almaq üçün qadının ən azı altı ay sığorta stajı olmalıdır.

Cəmiyyətdə tez-tez belə bir sual yaranır: bu pulu şirkət ödəyir, yoxsa dövlət?

Bu, məcburi dövlət sosial sığortası üzrə müavinətdir, yəni ödəyən dövlətdir. İşəgötürənlərin hər ay ödədiyi sosial sığorta haqları məhz belə hallar üçündür. Şirkətin vəzifəsi əsasən inzibatidir: məzuniyyət barədə əmr verir və onu elektron sistemə daxil edir. Bunu adi xəstəlik vərəqəsi ilə qarışdırmaq olmaz. Xəstəlik zamanı ilk on dörd günün haqqını işəgötürən ödəyir, analıq müavinətində isə belə bir bölgü yoxdur.

Məzuniyyətin nə vaxt verilməsinə gəlincə, o, ehtimal olunan doğuş tarixindən 70 gün əvvəl başlayır. Bunun üçün əsas sənəd tibb müəssisəsinin verdiyi elektron əmək qabiliyyətsizliyi vərəqəsidir. Bu il mühüm bir yenilik də oldu: 1 may 2026-cı ildən müavinət proaktiv, yəni avtomatik qaydada təyin edilir. İşəgötürən məzuniyyət əmrini sistemə daxil edir, tibb müəssisəsi elektron vərəqəni göndərir və müavinət qadının ayrıca müraciəti olmadan təyin olunur. Avtomatik təyin hər hansı səbəbdən mümkün olmadıqda işəgötürən müəyyən olunmuş formada müraciət edir. Bu tarixdən əvvəl başlamış hallarda isə o vaxt qüvvədə olan qaydalar tətbiq edilir.

Sonda bir məqamı da vurğulamaq istərdim. Qanun hamilə qadını yalnız maddi cəhətdən qorumur. Hamiləlik dövründə qadını işdən azad etmək qadağandır, məzuniyyət bitdikdən sonra isə o, əvvəlki iş yerinə qayıtmaq hüququna malikdir”.

Əlaqəli Xəbərlər