"Sumqayıt"ın baş məşqçisi: Heyətlə bağlı sıxıntılar var
Misli Premyer Liqasının XIII turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (4:2) sonra qonaq komandanın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırdı.
Operativ Media xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Futbolçularımla fəxr edirəm. Hər rəqibə qarşı sona qədər mübarizə apara bilirlər. Fikrimcə, bu gün ilk hissədə bərabər səviyyəli oyun keçdi. Rəqib topa daha çox nəzarət etsə də, ilk 40 dəqiqədə balanslı və intizamlı futbol nümayiş etdirdik. Fasiləyə 5 dəqiqə qalmış 2 kobud səhvə yol verdik və onlar bundan yararlandı. Futbolçulara dedim ki, qorxmadan oynasaq, geridönüş edə bilərik. Bundan sonra 2:2 hesabına nail olduq. Lakin sonda enerjimiz bitdi və yekunda uduzduq.
– Üstünlüyü qoruya bilməməyiniz nə ilə bağlıdır?
– Səfərdə 2 qol vurursansa, heç olmazsa, bir xal qazanmalısan. Heyətlə bağlı sıxıntılar var. Bir neçə futbolçumuz zədəlidir. Bu gün də akademiyadan oyunçuları meydana buraxdıq. Həqiqətən, çətindir. Önə keçəndən sonra tempi idarə etməyi öyrənməliyik. Hər şey həmişə idman nəticələri ilə ölçülmür. Əzmkarlıq da olmalıdır və bu varsa, yaxşı olacaq.
– 11-ci pillədəki “Şəfa” ilə fərq azalıb. Narahat deyilsiniz?
– Turnir cədvəlinə baxmağı çox sevmirəm. Hər oyun maksimum üçün çalışırıq. Mövsümün sonunda harada olacağımıza baxarıq. Yaxşı nəticələr olacağına ümid edirəm.