Kremlin sözçüsü Peskov, "Vaqner"in keçən həftə Rusiya rəhbərliyinə qarşı üsyan cəhdi ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.
"Operativ Media" xəbər verir ki, Rusiya rəhbərliyinə üsyan edən “Vaqner” muzdlu qruplaşması və onun rəhbəri Yevgeni Priqojinin taleyi ilə bağlı sualı cavablandıran Peskov mövzudan məlumatı olmadığını bildirib:
“Bu mövzuda əlavə təfərrüat verə bilmərəm. Döyüşçülərin bəziləri (Rusiya) müdafiə naziri ilə müqavilə imzalaya, bəziləri vətənə qayıda, bəziləri isə Belarusa keçə biləcəklər”.
"Vaqner böhranı"nın həlli prosesinə toxunan Peskov deyib: “Bəzi şəxslər tərəfindən böyük işlər görülüb. Prezident (Putin) hadisələrin ən pis ssenari ilə inkişafının qarşısını almaq üçün iradə nümayiş etdirdi. Ən pis ssenaridən qaçmaq üçün bəzi razılaşmalar edildi və Putin bəzi şeylər vəd etdi. Sazişlər həyata keçirilir. Putinin vədi həyata keçirilir. Təbii ki, biz hər bir tərəfin verdiyi vədləri ciddi şəkildə yerinə yetirməsini istəyirik”.
Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko bu məsələni daim müzakirə ediblər.
Rusiyada baş verənlərin Putini gözdən saldığı ilə bağlı aparılan təhlilləri dəyərləndirən Peskov bu cür fikirlərlə razılaşmadıqlarını və “boş” olduqlarını bildirib.