Açıq şəkildə satılan hisə verilmiş balıqlar ölümə səbəb ola bilər - EKSPERT

Nərmin Qocamanlı
Baxış: 3219
Açıq şəkildə satılan hisə verilmiş balıqlar ölümə səbəb ola bilər - EKSPERT

Havaların soyuması hisə verilmiş məhsullara tələbatı artırıb. Mütəxəsislər xüsusilə hisə verilmiş balıq məhsullarını soyuq aylarda istehlak etməyi tövsiyyə edirlər. Elə buna görə də hisə verilmiş balıq bazarında canlanma var. Bəs bu balıqlar həqiqətən də düzgün hazırlanıb və düzgün şəraitdə satılırmı?

Qida mütəxəssisi Eldəniz Novruzov “Operativ Media”ya açıqlamasında bildirib ki, yol kənarında satılan hisə verilmiş balıqlar hətta ölümə səbəb ola bilər.

O, qeyd edib ki, mütləq həmin məhsulların sertifikatı olmalıdır:

“Açıq formada satılan hisə verilmiş balıqların xüsusi sertifikatları olur. Burada bütün məlumatlar əksini tapmalıdır. Böyük mağazalar, marketlərdə sertifikatsız məhsul satmırlar. Əvvəllər kustar üsulla idisə, indi yeni texnolgiya, yeni sobalarda müasir formada hazırlanır. İxtisaslaşmış sexlər var ki, onların hərbir sertifikatı var. Əsas burda hisə verilmə müddətində qaydalara əməl etməkdir. Çünki, hisə verilmə müddətində balıq nə qurumalıdır, nə də çiy olmalıdır”.

Mütəxəsisin sözlərinə görə, duzlu balıqların saxlanma qaydaları müxtəlif olur. Satıldığı şəraitə isə xüsusi diqqət etmək lazımdır. Bazarlarda isə buna əməl edilmir:

“Çox həssas bir məqam var ki, balıqların temperaturu fərqli olmalıdır. O balıqlar mənfi dərəcədə saxlanılmamalıdır. Vakumlanmış balıqlar tam fərqlidir. Bəzən insanlar alıb aparır soyuducunun dondurucusunda saxlayır. Bu üsul qəti tövsiyyə olunmur, onun dadı tam dəyişir. Bəzən açıq şəkildə günəş altında saxlanır. Bu ölümə səbəb ola bilər. Yol kənarından almaq qəti tövsiyyə olunmur. Həm temperatrura əməl edilmir, həm də üzərinə kənar cisimlər qona bilər”.

Bazarlarda isə qiymətlər fərqlidir. Balıqların qiyməti növünə və ölçüsünə görə dəyişir. Daha çox alınan xəşəm, çapaq, kütüm və sazan balıqlarıdır. Xəşəm 6-9 manat arası, kütüm və sazan isə 10-13 manata arası satılır. Ən baha balıq isə Nərə balığı hesab edilir. Hisə verilmiş nərə balığının kilosu 100 manatadır.

Digər xəbərlər