“Xocalı mənim gəncliyimi aldı, sağlamlığımı aldı, həyatımı aldı. Mən düşünürdüm ki, Əsgəranı yenidən görsəm ürəyim dayanar, ölərəm. Gözümü Ağdamda yumub, Xocalıda açmaq istəyirdim".
32 il sonra Xocalıya qayıdan Dürdanə Ağayeva fikirlərini “Operativ Media” ilə bölüşüb.
“Bizi əsir götürüb, Əsgəran polis idarəsinə gətirmişdilər. Vitali Balansanyan həmin binada otururdu. Hər gün döyürdülər, söyürdülər, işgəncə verdilər. Körpələri divarlara çırpa-çırpa öldürürdülər, kişilərin başını kəsirdilər. Ac-susuz hamının ayaqları donurdü. Bizi o vəziyyətdə saxlayırdılar. Hər gün armaturla qadınıdöyərlərmi?”
Milli Qəhrəman Allahverdi Bağırovun təkidi ilə əsirlikdə olan qadınlar dəyişdirilir. Dürdanə isə dəyişdirilənlərin arasında olmur:
“Allahverdi Bağırov Vitali Balasanyanla rabitəyə çıxdı və dedi ki, mənim qız gəlinimi ver. Sənə nə istəyirsən verirəm. Balasanyan benzin istəmişdi Allahverdi Bağırovdan. O, da dedi ki, mən sənə benzin verirəm, tök tankına hücum elə üstümə, amma qız gəlinimi ver. Həmin vaxt qadınları apardılar. Mən dedim qardaşım olmadan getmirəm. Gizləndim, hamını dəyişdilər mən qaldım. Elə əzablarım da ondan sonra başladı. Bu gün Xocalı azaddır, yatmış ruhlar rahatdır".






