“Air Serbia”nın Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb - YENİLƏNİB
Mayın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan Belqrad–Bakı–Belqrad marşrutu üzrə ilk birbaşa aviareysin rəsmi qarşılanma mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, yeni uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Sözügedən marşrut Azərbaycan ilə Avropa arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə xidmət etməklə yanaşı, turizm və işgüzar səfərlərin artmasına əlavə imkanlar yaradır. İki ölkə arasında tətbiq olunan vizasız rejim isə qarşılıqlı səfərləri daha da asanlaşdırır və istiqamətə marağı artırır.
İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində qonaqlara Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Rəsmi qarşılanma mərasimində Azərbaycan Hökumətinin nümayəndələri, Serbiya nümayəndə heyəti, eləcə də “Air Serbia”nın rəhbər şəxsləri iştirak ediblər.
Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir.
18:31
"Air Serbia"nın Belqrad və Bakı arasında birbaşa uçuşları başlayıb.
Operativ Media xəbər verir ki, "Air Serbia" bu gün rəsmi olaraq Belqrad ilə Bakı arasında birbaşa aviareysi istifadəyə verib.
Məlumata görə, uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.
Belqraddan ilk reysin yola salınma mərasimində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev, Serbiya Respublikası hökumətinin nümayəndələri - tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, həmçinin "Air Serbia"nın icra heyəti, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.