“Ermənistan və Azərbaycan arasında qaz satışı ilə bağlı heç bir anlaşma yoxdur. Təbii ki, bizim Rusiya ilə qazla bağlı əməkdaşlığımız var və əvvəlki dövrlərdə də bu əməkdaşlıq olub. Ona görə bu əməkdaşlıq kontekstində Azərbaycan yoxsa Rusiya qazının Ermənistana satılmasını izləmək praktiki olaraq mümkün deyil, çünki bu sadəcə Rusiya və Azərbaycan arasındakı əməkdaşlıqdır”.
Bunu “Operativ Media” ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycandan mavi qaz alması üçün bir sıra mühüm məsələlər ətrafında müzakirə aparılmalıdır.Yalnız bu proselərdən sonra Ermənistan və Azərbaycan arasında təbii qazla bağlı əməkdaşlıq mümkün ola bilər:
“Bununla belə Ermənistan tərəfi Azərbaycan təbii qazını almaq niyyətində olduğunu bəyan edib və əslində sülh müqaviləsini bağlandıqdan sonra tərəflər arasında fərqli məsələlər arasında müzakirələrin aparılacağı istisna deyil. O cümlədən təbii ki, kommunikasiyaların bərpa edilməsi, buna uyğun olaraq müəyyən ilkin əməkdaşlıq mexanizmlərinin formalaşması haqqında müzakirələr və s. Ona görə də, bu baxımdan Ermənistan tərəfi belə bir istəyini nümayiş etdirib. Amma, təbii ki, bu əməkdaşlığın olması üçün Ermənistanın ilk növbədə sülh müqaviləsini imzalamasına ehtiyac var. Sülh müqaviləsi imzalandıqdan sonra isə əməkdaşlıq formatlarına baxılması mümkün ola bilər".