http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Heydər Əliyevdən xatirələr - Rafiq Bağırov ilə MÜSAHİBƏ

10 May 2024 , 10:00
Heydər Əliyevdən xatirələr - Rafiq Bağırov ilə MÜSAHİBƏ

Bu gün ömrünü öz doğma xalqına həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il ötür. Bütün həyatı boyunca Azərbaycanın daha da inkişaf etməsi üçün əzm və qətiyyətlə çalışan prezident onu tanıyan hər kəs üçün maraqlı insan olmuşdur. 

Heydər Əliyevlə bağlı xatirələrini bölüşənlər onun cəsarəti, uzaqgörənliyi ilə yanaşı həm də xoşxasiyyətli olmasından söhbət açırlar…

Ümummilli lideri yaxından tanıyanlardan biri də onun demək olar, 10 il ərzində hər anını tarixin səhifələrində əbədiyyətə qovuşduran şəxsi fotoqrafı Rafiq Bağırov olub. Müsahibimiz ulu öndər Heydər Əliyevlə bağlı yaddaşından silinməyən xatirələrini “Operativ Media” ilə bölüşüb.

- Rafiq müəllim, Heydər Əliyevlə yolunuz necə kəsişdi?

- Mənim atam o vaxt jurnalist olub, axırıncı iş yeri də “Elm və Həyat” jurnalının baş redaktoru olub. İşi ilə əlaqədar o vaxt materialları yığmaq çox çətin idi, evdə o vaxt şəkillər çıxartırdı. Ailə şəkilləri də çəkirdi. Mən də bununla çox maraqlanırdım. Saatlarla onun yanında olurdum, bu işi öyrənirdim. Bu maraq məni gətirib çıxartdı Azərbaycan Televiziyasına. Orada mən kino lentlərinin aşkarlanması sexinə qəbul olundum və bu periodda mən yenə də foto ilə maraqlanmağa davam edirdim. Təsəvvür edin, mənim marağım o qədər böyük idi ki, bir neçə ilin ərzində bu sahəni mükəmməl öyrəndim. Az bir müddətdən sonra məni həmin sexin rəisi təyin etdilər və məndə elə bir səlahiyyət yarandı ki, orada fotolaboratoriya təşkil etdim. O vaxtı foto SSR-də çox mükəmməl inkişaf etməmişdi və xarici ləvazimatlar, demək olar ki, mümkün deyildi. Ancaq elə bir vaxt gəldi ki, mən təkcə Azərbaycanda yox, həm də SSR-də ən mükəməl avadanlıqların sahibi oldum. İlk rəngli şəkillə məşğul olanlardan da biri mən idim, çünki məndə çox yaxşı aparatlar var idi. Bu imkan verirdi ki, mən böyük firmalarla məşğul olum. Bir az səs yayılmışdı bu barədə. 1993-cü il idi, bir gün mənə müraciət olundu ki, Heydər Əliyevin şəkillərini çəkmək lazımdır. Mən uzun müddət razılaşmadım, çünki mən özümü professional saymırdım. Elə dahi şəxslərlə işləmək, o cür məsuliyyətini götürmək çox çətin idi. Məni razı saldılar, mən Ali Sovetdə onun portretlərini çəkdim. 

 

- "Sən mənimlə işləyəcəksən”...

- Daha sonra komissiya kimi yığımışdılar və çəkdiyim şəkilləri nümayiş etdirməyim üçün məni də çağırdılar. Ulu öndər baxdı bütün şəkillərə və dedi ki, sən mənimlə işləyəcəksən. Mən də o vaxt sexin rəisiyəm deyə dedim ki, axı mən işləyirəm. Yenə də təkrar etdi: “Sən mənimlə işləyəcəksən”. Həmin gündən mən başladım onunla işləməyə və mən elə bilirdim ki, 1 ay, 3 ay işləyəcəm, sonra professional adam tapacaqlar. Çünki mən özümü professional hesab etmirdim. Yatıb yuxuda görsəm inanmazdım. Amma son günə qədər o harada olub, mən orada olmuşam. Düz 10 il... Dünyanın ən böyük liderlərinin otağında olmuşam, bu, hər adama nəsib olmur. Onun nüfuzuna görə Məkkədə Kəbənin içinə daxil olmuşam. Hər adama açılmır o qapılar. Heydər Əliyev kimi şəxsiyyət üçün açdılar və onun hesabına biz də gördük. Nəinki o, hətta Ağ Ev, Yaponiyanın İmperator Sarayı... Mən şəxsi fotoqraf olduğum üçün ən möhtəşəm yerlərə tək girirdim. Bu məsuliyyət çox böyük idi. Çünki o vaxt biz fotolentə çəkirdik və Bakıya gəlib onu aşkarlayanadək bilmirdin necə alınıb. Həmin kadr alınmasa, ya da itsə? Həmin lentlər 36 kadr tuturdu, bilmirdin onu necə saxlayasan, Bakıya çatdırasan. Hələ çatdırdıqdan sonra aşkarlama da çətin proses idi. Orada da işıq sönər, ya xarab olar deyərək çox həyəcan keçirirdim. Amma şükür ki, elə bir şey olmadı, üzü ağ çıxdım. 

 

- Bu 10 il ərzində heç hansısa çəkdiyiniz fotoşəklə irad bildirdiyi, bəyənmədiyi olub?

- İlk dəfə işə götürülən zaman məni çağırdı və öz iradlarını bildirdi ki, bax, mən belə istəyirəm. Mən də onun xasiyyətinə uyğun çəkirdim. Bir dəfə belə bir hadisə oldu: 2 ildən artıq olardı ki, işləyirdim. Məni çağırdı ki, bu qədər işləyirsən, ancaq mən fərli bir şəkil görməmişəm səndə. Dedim, cənab Prezident, fərli şəkil deyəndə nəyi nəzərdə tutursunuz? Fotoları yığmışdı önünə, birini göstərdi ki, bax, bunu iranlılar çəkib. Dedim, cənab Prezident onu mən çəkmişəm, icazə verin gedim neqativini götürüm gəlim. İkisini, dördünü, beşini... Ancaq hamısı mənim çəkdiklərim idi. Dedi ki, yoox, işləyirsən...

- Çox gözəl şəkildir...

- Günlərin bir günü “Bakinski Raboçi” qəzetində Heydər Əliyev haqqında böyük bir məqalə verməli idilər. Mənə dedilər ki, prezident kimi yox, sadə bir insan kimi olan şəkli olsun. Mən də 2 kadr seçib verdim. 10-15 gün sonra köməkçisi mənə dedi ki, prezident səni görmək istəyir. Hər dəfə çağırılanda fikirləşirdim ki, görəsən, nə olub? Girdim içəri, gördüm ki, qəzetin yarısı boyda mən verən şəkildir, ona baxır. Soruşdu ki, bu şəkli sən çəkmisən? Çox çəkinə-çəkinə dedim ki, bəli. “Çox gözəl şəkildir” dedi, “Bunlardan çox istifadə elə”. Şəkilləri çox sevirdi, ilk vaxtlar özü seçirdi, 3-4 ay sonra gördü zövqlərimiz uyğunlaşır, artıq mənə icazə verdi ki, hansı şəkli istəyirsənsə, onu istifadə edə bilərsən. Həmişə mənə deyirdi ki, yaxınlaş, nə lazımdırsa, de mənə. 

 

- 3 il ərzində də İlham Əliyevin fotoqrafı olmusunuz, bəs niyə davam etmədiniz?

- Əvvəla, o, atasından çox fərqlənirdi: həm cavan idi, həm də onun o qədər marağı yox idi şəkillərə. Ancaq onun da ən yaxşı kadrlarını, demək olar, mən çəkmişəm. 

- Ulu öndər doğum günlərini necə qeyd edirdi?

- Mən sizə ad günündən olan fotolarını göstərim...

- Özünün bu şəkildən çox xoşu gəlirdi...

- Mənim 50 yaşım olanda heç kim bilmirdi. Bir də gördüm köməkçisi deyir, prezident səni çağırır. Getdim. “Səni təbrik edirəm. Mən elə bilirdim sənin 35 yaşın var” dedi...

- Cənab Prezident, tarix üçün... 

- Mənim ixtiyarım var idi, evin içinə girməyə. Heydər Əliyev işə gedən vaxt yaxınlaşıb güzgüyə baxırdı, çox diqqətli idi. Burada belə bir şey oldu. Mən kadrı çəkəndə döndü ki, yaxşı bunu niyə çəkirsən? Dedim ki, cənab Prezident, tarix üçün... Doğrudan da, tarixdir. Mənim ən çox xoşuma gələn kadrlardan biri budur. O çox zarafatcıl insan idi. 

- Müsahibələrinizdən birində demisiniz ki, Heydər Əliyevin məndə elə şəkilləri var ki, hələ işıq üzü görməyib. Bu hansı şəkillərdir? Nəyi gözləyirsiniz?

- Vaxtını gözləyirlər. Mən möhtəşəm bir kitab istəyirəm. Heydər Əliyevlə bağlı açılmayan məqamlar da var, baxmayaraq ki, hər addımı təsvir olunub. Ancaq mənim yaddaşımda da elə məqamlar var ki, hələ qalıb. Həm də bu kitab üçün də elə bir kollektiv olmalıdır ki, onu çatdıra bilsinlər. Təxminən 200-300 şəkil var. Bu kitab üçün də finansal məsələlər var. O elə bir şəxsiyyətdir ki, bu məsələ üzərində yüksək səviyyədə işlənilməlidir.

​​​​​​- Bu kadrı təkcə mən çəkmişəm...

- Baxın, bu kadrı təkcə mən çəkmişəm. Orada bəlkə 40 fotoqraf var idi. Bir ingilis qız fotoqraf var idi, hamının qabağına keçdi, heç kim çəkə bilmədi. Mən aparatı yuxarı qaldırıb çəkdim. Sonra o qızı tapdım, baxım çəkdiyi şəklə, ancaq onda da alınmamışdı, ətraf görünmürdü. Ona görə də bu kadr təkcə məndə oldu. 

- Onun göz yaşlarının da şahidi olmusunuz yəqin?

- Görmüşəm. Bunlar yetim uşaqlar idi. Bu uşaq “Qarabağ şikəstəsi”ni oxudu. Elə gözəl oxudu ki, çağırdı yanına, öpdü, qucaqladı... Gördüm gözlərinin yaşını silir...

- Səndə nə üçün təşəbbüs yoxdur?..

- Bərk qar yağmışdı. Çağırdı məni, dedi ki, səndə nə üçün təşəbbüs yoxdur? “Gözəl havadır, gəl, de ki, şəkil çəkək”. Çıxdıq, o gəzirdi, ancaq həmin effekti vermirdi. Dedim, cənab Prezident, qar topu düzəldə bilərsiniz? Düzəltdi. Dedi ki, indi vurum səni? Dedim, vurun. Atdı, ancaq heyif ki, yan keçdi. Bu, o kadrdır.

- Adını qoyuram Heydər...

- Biz Amerikadan qayıdanda eşitdik ki, nəvəsi olub. Bu şəkildəki balaca Heydərdir. O, Londonda dünyaya gəlib. Xəbəri alanda getdik yanına, orada götürdü onu qucağına və dedi ki, bu uşağın adını qoyuram Heydər...

- Ondan sonra səyahətlərə davam etdiniz?

- Mən əvvəllər də çox ölkədə olmuşam. Məsələ, Yaponiyada özüm də olmuşam, bir də hər iki prezidentimizlə də olmuşam. Özün gedən ayrı bir Yaponiyadır, prezidentlə getmək ayrıdır. Mən imperator sarayında çörək emişəm. Kim buraxardı məni tək ora? 

- Prezidentin vəfat xəbərini nə vaxt aldınız?

- Biz yenə də xaricdən gəlirdik. Hələ bilmirdik. Düşdük aşağı, gördük İlham Əliyev həmişəki kimi deyil. Onda dedilər ki, Heydər Əliyev rəhmətə gedib...

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
"Bu şəhərdə kimsə yoxdur"un hər bölümündə xüsusi sürprizlər olacaq" - Amiran Babayev ilə MÜSAHİBƏ

"Bu şəhərdə kimsə yoxdur"un hər bölümündə xüsusi sürprizlər olacaq" - Amiran Babayev ilə MÜSAHİBƏ

Hikmət Rəhimov: "Yeni layihə üzərində artıq işləyirəm" -  MÜSAHİBƏ

Hikmət Rəhimov: "Yeni layihə üzərində artıq işləyirəm" - MÜSAHİBƏ

Azərbaycanda SMM gəlirli sahədir?

Azərbaycanda SMM gəlirli sahədir?

XƏBƏR LENTİ
  • 21:16

    ABŞ iki rusiyalıya qarşı sanksiya tətbiq edib
  • 21:01

    Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
  • 20:57

    Şuşada II Qlobal Media Forum keçiriləcək
  • 20:54

    “ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib
  • 20:46

    Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?
  • 20:42

    KTMT baş katibi: Regional təşkilatlar yeni təhlükəsizlik mexanizmləri yaratmağa qadirdir
  • 20:19

    Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib
    Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib
  • 20:07

    II ixtisas qrupu üzrə bir nəfər maksimum bal toplayıb
Menyu