Menyu

Karqo şirkətləri ilə problem yaşayan vətəndaşlar nə etməlidirlər?

Nərmin Qocamanlı
Karqo şirkətləri ilə problem yaşayan vətəndaşlar nə etməlidirlər?

Son zamanlarda onlayn alış-veriş platformalardan istifadənin çoxluğu vətəndaşların karqo şirkətləri ilə bağlı problemlərini qabardıb. Bir çoxları karqo şirkətlərinin məhsulları gec və ya defektli vəziyyətdə gəlməsindən şikayətlənirlər. Eyni zamanda son vaxtlar qiymətlərin bahalaşması da əlavə narazılığa səbəb olub. Hətta vətəndaşlar bildirirlər ki, əksər karqo şirkətləri ilə ümumiyyətlə, əlaqə qurmaq mümkün deyil. Nə mesajlara geri dönüş edirlər, nə də saatlarla çağırılan zəngi cavablayırlar. Ekspertlər bildiriblər ki, müştərilər bu kimi hallarla qarşılaşdıqda İqtisadiyyat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilərlər.

Bu barədə Dövlət Xidmətindən "Operativ Media"nın sorğusuna cavab verilib.

Bildirilib ki, əgər alıcı elektron tətbiq vasitəsilə sifariş etdiyi malın və yaxud alıcı özünün seçdiyi malın daşıyıcı tərəfindən sifariş edilməklə daşınmasını hər hansı karqo şirkətinə həvalə edibsə, istehlakçı və həmin daşıyıcı şirkət arasında yük daşıma müqaviləsindən irəli gələn münasibətlər yaranır. Yəni yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda, bağlamanın lazımınca qablaşdırılmasını təmin etmək öhdəliyi qanunvericiliklə satıcının (yük göndərənin) üzərinə qoyulmuşdur və o, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır.

Daşıyıcı qismində karqo şirkətləri isə qablaşdırmanın zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır. Eyni zamanda, karqo şirkətləri bağlamalarla rəftar üçün ona verilmiş səlahiyyətləri çərçivəsində mülkiyyətçinin mənafeyini maksimum müdafiə etməyə borcludur. Digər tərəfdən əgər karqo şirkətləri öncədən bəyan etdikləri istifadəçi razılaşmalarında bağlamanın salamatlığını təmin etməyə yönəlmiş, eləcə də bağlamanın yenidən qablaşdırılmasına dair öz üzərilərinə öhdəliklər götürmüşlərsə, malın zədələnmiş vəziyyətdə çatdırılmasına görə məsuliyyət daşıyırlar. Lakin istehlakçıya çatdırılmış malda istehsal xarakterli qüsurun mövcudluğuna, həmçinin satıcı mağazadan qaynaqlanan ölçü, rəng və digər uyğunsuzluqlara görə isə birbaşa satıcılar məsuliyyət daşıyırlar. Belə vəziyyətdə əgər daşıyıcı şirkət tərəfindən əlavə olaraq bağlamaların geri qaytarılmasına dair xidmət də təklif edilirsə, həmin xidmətin şərtləri çərçivəsində malın satıcıya geri qaytarılması icra oluna bilər. 

Qanunvericiliyin tələbinə görə, əgər karqo şirkəti tərəfindən bağlama daşımaya qəbul edilmişdirsə və həmin tarixdən üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bu zaman əsas məsələ bağlamanın satıcı tərəfindən karqo şirkətinə təslim verilməsinin, karqo şirkətinin həmin bağlamanı təhvil almasının sübuta yetirilməsidir. Ona görə də, istehlakçı bağlamanın çatdırılmasını hər hansı karqo şirkətinə həvalə etməsindən öncə həmin şirkətdən və satıcıdan malın təhvil-təslim prosedurlarının hansı qaydada icra olunduğu aydınlaşdırmalıdır. Daşıyıcı şirkət təhvil aldığı malın itirilməsi və ya məhv olmasına görə məsuliyyət daşıyır və onun tam dəyərini ödəməlidir. 

Eyni zamanda, daşıma şirkətlərinə qarşı qanunvericilikdə  1 illik iddia müddəti müəyyən edilmişdir ki, həmin müddət malın məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, mal zədələndikdə isə onun yük alana verildiyi gündən hesablanır. Lakin daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları mövcuddursa, 1 illik iddia müddəti tətbiq edilmir.

Karqo şirkətinin tariflərinə gəldikdə isə qeyd edək ki, Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər xidmətlərin qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında mövcud qanunvericiliyin tələblərinə əməl etməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sahibkarlar qanunvericiliyə əməl etməklə göstərdikləri xidmətlər üzrə qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.
İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə karqo təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər".

Qeyd olunub ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu sahədə çalışan  sahibkarlara müştəri məmnuniyyətini fəaliyyətlərində rəhbər tutmağa dəvət edir və istehlakçıların müraciətləri ilə bağlı əlçatanlığın təmin edilməsi, onların tələblərinə daha operativ baxılaraq araşdırılması və ətraflı məlumat verilməsi barədə çağırış edir. Bu barədə Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərinə mütəmadi tövsiyələr verilir.  
Bununla belə, istehlakçılar karqo şirkətləri ilə bağlı bu və ya digər çətinliklərlə qarşılaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi - https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif elektron poçt - [email protected] və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Sevinc İbrahimzadə
 

Teqlər:

"Karqo \u015firk\u0259tl\u0259ri il\u0259 problem ya\u015fayan v\u0259t\u0259nda\u015flar n\u0259 etm\u0259lidirl\u0259r?"

Əlaqəli Xəbərlər