
Yay fəslində zəhərlənmə halları nisbətən üstünlük təşkil edir. Həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən qida zəhərlənmələri mikroblar və ya onların toksinləri ilə yoluxmuş qida məhsullarının yeyilməsi nəticəsində meydana gəlir. Xüsusilə dəniz məhsullarının istifadəsi zamanı zəhərlənmə riski yüksəkdir.
Həkim qastroenteroloq Gülnarə Ağayeva “Operativ Media”ya açıqlamasında bildirib ki, yayda dənizdən çıxarılan məhsul uzun müddət isti şəraitdə saxlanıldıqda onun tərkibində müxtəlif bakteriyalar əmələ gəlir və bu da zəhərlənməyə səbəb ola bilər.
Həkimin sözlərinə görə, yayda dəniz məhsulları ilə yanaşı başqa qidalardan da zəhərlənmə baş verə bilər:
“İsti havalarda mayonezdən və xamadan hazırlanan salatların tühlükəsiz müddəti bir gündən aşağıdır. Həmin qidalar hazırlandığı zaman və ya bir neçə saat ərzində istifadə olunmalıdır. Hətta soyuducuda saxlanılsa da, məhsullarda zərərverici bakteriyalar artır və bunlar da insanın zəhərlənməsinə gətirib çıxara bilər. Qida zəhərlənməsi çox qısa müddətə başlayan ürəkbulanma, qusma, ishal və bəzən də qızdırma əlamətlərindən ibarətdir. Belə vəziyyətlərdə vaxtında tədbir görülməzsə, ciddi problemlər yarana bilər. İstər uşaq və yaşlı adamlarda, istərsə də xəstə insanlarda hansısa ağır xroniki xəstəlik varsa, üstünə qida zəhərlənməsi gəldikdə olduqca ciddi fəsadlara gətirib çıxara bilər”.
Həkim deyib ki, isti havalarda şirniyyat və xəmir məhsullarından da ehtiyat etmək vacibdir:
“Tərkibində kremlər olan qidalardan çox yemək məsləhət deyil, çünki həmin kremlər süddən və süd məhsullarından, yağdan və s. hazırlanır ki, onlar çox qısa müddətdə korlana bilər. Bu zaman onlarda zərərverici mikroorqanizmlər və bakteriyalar çoxalır, bu isə güclü zəhərlənməyə gətirib çıxara bilər”.
G.Ağayeva bu fəsildə hansı qidaların insan sağlamlığı üçün təhlükəsiz olduğunu sadalayıb:
“Xüsusilə bitki yağı və limondan hazırlanmış təzə tərəvəz salatları daha çox məsləhət görülür. Bundan başqa yayda ayran, soyuq dovğa, doğramac kimi qidalara daha çox üstünlük verilir”.
Sevinc İbrahimzadə