
Xəbər verdiyimiz kimi, Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Qeyri-iş günləri istirahət üçün vacib olsa da iqtisadiyyat və iş mühiti üçün mənfi nəticələrə də yol aça bilər.
Bəs, qeyri-iş günlərinin sayının çox olmağının mənfi cəhətləri nələrdir?
Məsələ ilə bağlı "Operativ Media" ilə fikirlərini bölüşən marketoloq Pərviz Əzimov bildirib ki, burada həm sahibkarları, həm də işçiləri narahat edən bir neçə məsələ mövcuddur:
"Sahibkarları narahat edən əsas məsələ odur ki, müxtəlif sahələrdə, xüsusilə istehsalat və xidmət sahələrində qeyri-iş günlərində işçilərin əlavə işlədilməsi zərurəti yaranır. Bu vəziyyət sahibkar üçün iki əsas problem yaradır. Birincisi, xərclərin artmasıdır. Yəni, əgər işçi qeyri-iş günü işə çağırılarsa, sahibkar ona əlavə iş saatlarına görə ödəniş etməlidir. Bəzi sahibkarlar bu ödənişi edirlər, bəziləri isə etmirlər. Etməyən sahibkarlar isə işçilərə deyirlər ki, "hamı işə çıxır, siz də çıxmalısınız", yəni bir növ qaydaları və qanunları pozaraq işçiləri işə çağırırlar. Bu halda sahibkar ya əlavə ödəniş etməli, ya da motivasiyası düşmüş işçilərlə işləməli olur.
İkinci məsələ işçi tərəfinə aiddir. Bayram günlərində işçilər istirahət etməli olduqlarını düşünürlər və buna görə əlavə xərc çəkirlər. Onlar tətillərə, əlavə fəaliyyətlərə vaxt ayırır, nəticədə isə büdcələri azalır. Bu da işçilərin motivasiyasını azaldır və məhsuldarlığı aşağı salır. Yəni, biz hər hansı bir istehsalat müəssisəsində "5 gün bayramdır" deyib istehsalatı dayandıra bilmərik. Bunun nəticəsi olaraq ya sahibkarın, ya da işçinin xərcləri artır, iqtisadi göstəricilər aşağı düşür. Həmçinin, sahibkar bu vəziyyətdən xilas olmaq üçün istehsal olunan məhsulun qiymətini artırmaq məcburiyyətində qalır. Bu da nəticə etibarilə qeyri-iş günlərinin çox olmasının iqtisadi inkişafa müsbət təsir etmədiyini göstərir.
Yuxarıda qeyd etdiklərim, məsələnin yalnız görünən tərəfləridir. Lakin bunun daha geniş makroiqtisadi və mikroiqtisadi təsirləri də mövcuddur. İşçilər istirahət günlərinin çox olmasını müsbət bir hal kimi dəyərləndirə bilərlər, amma bu, anlıq bir vəziyyətdir. Uzunmüddətli perspektivdə isə bu, neqativ təsirə səbəb ola bilər".