
Azərbaycanda 350-dən çox palçıq vulkanı var. Bu xüsusiyyətinə görə ölkəmizi vulkanlar diyarı da adlandırırlar. Palçıq vulkanlarının çox hissəsi isə Bakı və Abşeron ərazilərindədir.
Operativ Media Azərbaycanda yerləşən palçıq vulkanlarının xüsusiyyətlərini və ekoloji əhəmiyyətini araşdırıb.
Palçıq vulkanlarının xüsusiyyətləri
• Qaz (əsasən metan, azot və karbon qazı) təzyiqin təsiri ilə yerin altından su və gil ilə birlikdə çölə çıxır.
• Adi vulkanlardan fərqli olaraq, palçıq vulkanlarının püskürdüyü material yüksək temperaturda olmur.
• Palçıq vulkanlarının püskürdüyü yerin alt qatlarından gələn maddələr tibb və kosmetika sahəsində istifadə olunur.
Azərbaycanda məşhur palçıq vulkanları
1. Torağay – Bu vulkan hündürlüyünə görə dünyanın ən böyük palçıq vulkanıdır.
2. Lökbatan – Bakı yaxınlığında yerləşir və dünyada tanınmış ən aktiv 5 vulkandan biridir.
3. Daşgil - Ələt qəsəbəsindən 4 km məsafədə dağlıq ərazidə yerləşir və Azərbaycanın ən məşhur vulkanlarından biridir.
4. Dəlyəniz - Bu palçıq vulkanı Ələt tirəsində, Daşgil vulkanından 4 km aralıda yerləşir.
Palçıq vulkanları həm elmi tədqiqatlar, həm də turizm baxımından maraqlı obyektlərdir. Qobustan Milli Parkı bu vulkanların bir çoxunu görmək üçün ən yaxşı yerlərdən biridir.
Palçıq vulkanlarının bir neçə mühüm əhəmiyyəti var:
• Palçıq vulkanları əsasən neft və qaz yataqlarının olduğu ərazilərdə yaranır. Onların püskürməsi yeraltı qazların və karbohidrogen ehtiyatlarının mövcudluğunu göstərir.
• Palçıq vulkanlarının fəaliyyəti yer qabığının tektonik hərəkətləri haqqında məlumat verir və zəlzələlərin proqnozlaşdırılmasında kömək edə bilər.
• Vulkanların püskürdüyü materiallar yerin dərin qatlarından gəlir və geoloqlara bu qatlar haqqında məlumat əldə etməyə imkan yaradır.
• Palçıq vulkanlarının çıxardığı müalicəvi palçıq (mineral tərkibli gil) müxtəlif dəri xəstəliklərinin və revmatizmin müalicəsində istifadə olunur.
• Vulkan palçığı və gil müxtəlif tikinti materiallarının istehsalında tətbiq edilir.
• Dünyanın müxtəlif yerlərindən turistlər palçıq vulkanlarını görmək üçün Azərbaycana gəlirlər. Palçıq vulkanlarından bir çoxu yaxın vaxtlarda UNESCO-nun "Qlobal Geoparklar" proqramı çərçivəsində yaradılacaq geoparklara daxil ediləcəkdir.
• Elm adamları vulkanların kimyəvi və fiziki xüsusiyyətlərini öyrənərək geoloji prosesləri daha yaxşı anlayırlar.
• Palçıq vulkanlarının ətrafında müxtəlif mikroorqanizmlər və bəzi xüsusi bitkilər yaşayır.
• Vulkanların püskürdüyü qazlar və minerallar atmosferə və su hövzələrinə qarışaraq ekosistemin bir hissəsinə çevrilir.
Azərbaycanda palçıq vulkanları həm iqtisadi, həm elmi, həm də ekoloji baxımdan böyük əhəmiyyət daşıyır.
Azərbacan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, Yer Elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov Azərbaycanda yerləşən palçıq vulkanlarının xüsusiyyətlərindən danışıb.
O, bildirib ki, qlobal miqyasda Azərbaycan dünya üzrə palçıq vulkanlarının ən sıx yayılması ilə fərqlənir: "Belə ki, dünyanın 42 ölkəsində müəyyənləşən 2500-dən artıq palçıq vulkanın 353-ü Azərbaycanda müəyyənləşir. Azərbaycanın palçıq vulkanı diyarı kimi tanınmasının bir neçə meyarı vardır ki, bunlara ölkənin şərq hissəsində palçıq vulkanlarının bütün təsnifat qruplarının, o cümlədən dəniz (154 ədəd), ada (8 ədəd), sualtı, aktiv, passiv, gömülən, neftçıxaran və s. misal göstərmək olar. Digər tərəfdən, Dünyanın ən nəhəng və ən hündür palçıq vulkanları da məhz Şərqi Azərbaycanda yerləşir. Ən maraqlı fakt ondan ibarətdir ki, dünyanın ən çox püskürən vulkanları (Lökbatan və Şıxzərli) da ölkə ərazisində qeydə alınmışdır. İl ərzində geodinamik və seysmik aktivlikdən asılı olaraq Azərbaycanda təxminən 7-8 palçıq vulkanı püskürür".
Orxan Abbasov vulkanların sağlamlıq üçün faydalarından da danışıb:
"Azərbaycanın müxtəlif tektonik zonalarında, o cümlədən əsasən Şamaxıda, Qobustanda, Abşeronda, Cənub-Şərqi Şirvanda intişar tapan palçıq vulkanları sahələrinin geoloji xüsusiyyətlərindən, habelə çökmə qatının qalınlığından asılı olaraq, onlar yerin müxtəlif dərinliklərindən həm püskürmə və həm də gündəlik fəaliyyət nəticəsində palçıq, su, neft və qaz xaric edirlər. Bu baxımdan, vulkan məhsullarının mineraloji və kimyəvi tərkibi fərqli olur. Məhz belə fərqliliklər onların istifadə xüsusiyyətini müəyyənləşdirir. Vulkan palçığının unikal mineraloji və kimyəvi tərkibi onların təbabətdə müalicə məqsədilə istifadəsini mümkün edir. Məlumat üçün qeyd edim ki, hazırda biz İnstitut olaraq səhiyyə işçiləri ilə birgə Azərbaycanın palçıq vulkanlarının tibdə istifadəsi istiqamətində tədqiqatlar aparırırıq".
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları, Yer elmləri doktoru, dosent Orxan Abbasov və elmi işçi Elnur Baloğlanovun iştirakı ilə Şamaxı, Qobustan, Abşeron, Səlyan və digər rayonlarda yerləşən palçıq vulkanlarında tədqiqatlar aparılıb:
"Tədqiqatların məqsədi vulkan palçığının müalicəvi xüsusiyyətlərinin öyrənilməsi və tətbiqi ilə əlaqədardır. Üç il müddətində davam etdiriləcək araşdırmalar Geologiya və Geofizika İnstitutu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu arasında bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində yerinə yetirilməkdədir. Geniş elmi-tədqiqatları əhatə edən araşdırmalarda, ilk növbədə, Şərqi Azərbaycanın quru ərazilərində yerləşən palçıq vulkanlarının Yerin müxtəlif dərinliklərindən səthə çıxardığı palçığın və suyun bir sıra fiziki-kimyəvi xüsusiyyətlərinin müasir analitik üsullarla tədqiqi nəzərdə tutulmuşdur. Növbəti mərhələdə vulkan palçığının fərqli xəstələiklərin müalicəsində effektivliyini təsdiqləmək məqsədi ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuda kliniki-eksperimental araşdırmaların həyata keçirilməsi planlaşdırılıb.
Hazırda alimlər tərəfindən toplanmış palçıq və su nümunələri Geologiya və Geofizika İnstitutunun analitik bazasında tədqiq olunmaqdadır.
Digər tərəfdən Azərbaycan vulkanlarının geoloji fenomeni ilə yanaşı, onların möhtəşəm görünüşü yerli və xarici turistlər üçün maraq doğurur. İl ərzində Azərbaycana gələn turistlərin böyük əksəriyyəti palçıq vulkanlarına ekskursiya edirlər. Ən çox maraq kəsb edən vulkanlar: hazırda turizm kompleksi kimi fəaliyyət göstərən Qılınc (Qobustanda), eyni zamanda Daşgil (Ələtdə) və Yanardağdır (Abşeronda – Qırməki vulkanı)".
Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev saytımıza bildirib ki, xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütəmadi olaraq müşahidələr aparılır:
"Palçıq vulkanlarının əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılıb.
Qoruğun yaradılmasında əsas məqsəd palçıq vulkanlarına antropogen təsirlərin azaldılması və vulkanik landşaftın özünü bərpa etməsi üçün şəraitin yaradılmasıdır.
Qoruğun fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunub: vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək; elmi tədqiqatlar və ekoloji monitorinqlər təşkil etmək.
Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütəmadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayır".
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı isə bildirib ki, dünyada ilk dəfə olaraq palçıq vulkanlarının seysmik stansiyalar vasitəsilə öyrənilməsinə Azərbaycanda başlanılıb:
"Azərbaycanda palçıq vulkanları ilə zəlzələlərin arasındakı əlaqənin öyrənilməsi məqsədi ilə mərkəz tərəfindən beynəlxalq qrant layihəsi çərçivəsində alınıb ölkəmizə gətirilmiş 22 yeni seysmik stansiyanın 12 -i Abşeron yarımadası və yarımadaya yaxın ərazilərdə olan palçıq vulkanlarının ətrafında yerləşdirilib.
Həmin stansiyalar vasitəsi ilə mərkəz tərəfindən palçıq vulkanlarının dinamikası, eləcə də zəlzələdən əvvəl və zəlzələdən sonra həmin vulkanların dinamikasında olan dəyişikliklər müşahidə edilir.
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, palçıq vulkanları daha çox Abşeron yarlmadası və yarımadaya yaxın ərazilərdədir.
Zəlzələlər isə respublikanın əksər seysmik bölgələrində baş verir və bizim seysmik stansiyalar tərəfindən qeydə alınır.
Ölkəmiz seysmik aktiv regionda olduğuna görə bütün dünyada olduğu kimi, bizim aktiv bölgələrimizdə də demək olar ki, hər gün onlarla xırda zəlzələlər qeydə alınır. Maqnutudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında RSXM-nin rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsi ilə ictimaiyyətə məlumat verilir.
Palçıq vulkanları daha çox lakonik əraziləri əhatə edir. Aktiv bölgələr isə daha genişdir. Onu da deyim ki, dünyada ilk dəfə olaraq palçıq vulkanlarının seysmik stansiyalar vasitəsilə öyrənilməsinə Azərbaycanda başlanıb və hazırda bu istiqamətdə tədqiqatlarımız davam edir".
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə ekologiya və ətraf mühitin mühafizəsi mövzusunun təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.
Nərmin Qocamanlı