İndiyə qədər Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya ümumilikdə 45 milyard kubmetrdən çox qaz tədarük edilib.
Operativ Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skepatti ilə görüşündə bildirilib.
Görüşdə etibarlı enerji təchizatında təbii qazın və infrastrukturların inkişafının əhəmiyyəti, TAP layihəsinin genişləndirilməsi prosesinin cari vəziyyəti nəzərdən keçirilib.
Cənub Qaz Dəhlizinin, o cümlədən TAP-ın enerji təhlükəsizliyinin təminatında strateji rolu yüksək qiymətləndirilib. Bildirilib ki, TAP qaza olan tələbatın İtaliyada 15 %-ni, Yunanıstanda isə 18 %-ni təmin edir.
Söhbət zamanı 2026-cı ildən etibarən kəmərin 1,2 milyard kubmetr genişləndirilməsindən sonra növbəti nəzərdə tutulan addımlar, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı müzakirələr aparılıb.
***
11:36
"İndiyə qədər TAP vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox qaz tədarük edilib".
Operativ Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyeppati ilə görüşü ilə bağlı "X" hesabında etdiyi paylaşımda bildirib.
"TAP-ın icraçı direktoru Luka Skyeppati ilə sərfəli, etibarlı və dayanıqlı enerji təchizatında Cənub Qaz Dəhlizinin strateji rolu, TAP boru kəmərinin genişləndirilməsi, eləcə də metan emissiyalarının azaldılması məsələlərini müzakirə etdik. İndiyə qədər TAP vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox qaz tədarük edilib", - paylaşımda deyilir.
Şəkil Qalereyası


