Əmək bazarının tələbləri və gənclərin peşə seçimi trendləri nələrdir? - TƏHLİL

Fərrux Qocamanlı
Əmək bazarının tələbləri və gənclərin peşə seçimi trendləri nələrdir? - TƏHLİL

Dünyada əmək bazarında baş verən dəyişikliklər, texnologiyanın sürətli inkişafı və iqtisadiyyatın transformasiyası gənclərin peşə seçiminə birbaşa təsir göstərir. Əmək bazarı artıq yalnız ali təhsil diplomunu deyil, praktiki bacarıqları, çevikliyi və ixtisasa uyğun texniki bilikləri ön planda tutur. Bu baxımdan peşə təhsili və ixtisaslaşmış sahələr gənclər arasında getdikcə daha çox populyarlıq qazanır. Mövcud əmək bazarının tələblərini anlamaq və bu tələblərə uyğun karyera istiqaməti seçmək isə gənclərin gələcək uğurunun əsas açarına çevrilir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Operativ Media”ya açıqlamasında öz fikirlərini bölüşüb.

No photo description available.

O deyib ki, bu gün dünyada və Azərbaycanda aktual olan məsələlərdən biri düzgün peşə seçimidir.

Deputat bu gün düzgün peşə seçimi üçün gənclərin özlərinin də çalışmalı olduğunun zəruriliyini söyləyib. O bildirib ki, gənclər peşə seçimini düzgün etmədikləri tədqirdə gələcəkdə müəyyən problemlər yaşaya bilərlər:

“Bu mənada düzgün peşə seçimi önəmlidir. Əmək bazarının tələbləri müxtəlifdir. İnformasiya texnologiyaların sürətli inkişafı bütün sahələrdə olduğu kimi, əmək bazarına da ciddi təsir göstərib, müəyyən peşələrə təlabat azalıb və müəyyən peşələr var ki, peşəkar kadrlara ciddi ehtiyac yaranıb”.

Deputat hesab edir ki, bu gün əmək bazarında əsas trend informasiya texnologiyaları, kibertəhlükəsizlik, məlumat analitikası və digər sahələrdir: “Odur ki, gənclər də müasir dövrün tələblərini nəzərə almalıdırlar. Bu sahədə olduqca böyük bir tələbat var. Bununla yanaşı mühəndisliyə, menecer peşəsinə böyük bir tələbat mövcuddur. Ona görə də biz hər birimiz bu reallığı və bu məqamı nəzərə almalıyıq. Əmək bazarının dəyişən tələbləri fonunda gənclərin peşə seçimi daha çox bilik, çeviklik və strateji yanaşma tələb edir”.

C.Məmmədov həmçinin vurğulayıb ki, əmək bazarının dəyişən tələbləri fonunda gənclərin peşə seçimi daha çox bilik, çeviklik və strateji yanaşma tələb edir: “Digər bir məsələ ondan ibarətdir ki, bəzi hallarda sürətlə dəyişən informasiya texnologiyaları fonunda əmək bazarı ilə təhsil sistemi arasında uyğunsuzluq meydana gəlir. Bu baxımdan təhsil müəssisələri də öz tədris sistemlərini müasir dövrün tələblərinə uyğunlaşdırmalıdır. Bununla yanaşı tədris müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq qurulmalı, əmək bazarının tələbinə uyğun peşələrə üstünlük verilməlidir”.

Müşahidələr onu deməyə əsas verir ki, müasir dövrdə əmək bazarında rəqəmsal texnologiyalar, alternativ enerji və səhiyyə sahələrinə olan tələbat artmaqdadır. Son illər peşə təhsilinə maraq artıb və artıq son qəbulda 60% artım müşahidə olunub. Xüsusilə, pandemiya sonrası dövrdə bu sahələrə olan maraq və tələbat yüksəlib. Gənclər də bu sahələrdə ixtisaslaşmağa meyillidirlər. Peşə təhsili də ön plana çıxaraq, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasında mühüm rol oynayır.

Təhsil eksperti Kamran Əsədov isə “Operativ Media”ya açıqlamasında bildirib ki, 2025-ci ilin əmək bazarı gənclər üçün daha çevik, rəqabətli və texnoloji yönümlü mühit formalaşdırıb.

WhatsApp_Skil_2025-04-16_saat_14-23-27_3f13a9dd.jpg

Onun sözlərinə görə, əmək bazarının son trendləri göstərir ki, klassik peşələr öz aktuallığını tədricən itirir: “2025-ci ildə rəqəmsallaşma, avtomatlaşdırma və yaşıl transformasiya fonunda yeni peşələr sürətlə ön plana çıxır. Birləşmiş Millətlər Təşkilatının 2024-cü ilin sonunda yayımladığı hesabatda qeyd olunur ki, növbəti 5 ildə ən çox tələbat olacaq sahələr arasında süni intellekt, data analitikası, alternativ enerji mühəndisliyi, kibertəhlükəsizlik, rəqəmsal təchizat zənciri və uzaqdan idarəetmə texnologiyaları əsas yer tutur. Dünya İqtisadi Forumu da bu proqnozu təsdiqləyir və əlavə edir ki, 2025–2027-ci illərdə ənənəvi ofis işlərinin 40%-ə qədəri avtomatlaşdırılacaq”.

Ekspert hesab edir ki, gənclərin peşə seçimi çox zaman sistemsiz, təsadüfi və stereotiplərə əsaslanır: “Halbuki nə əmək bazarının real tələbi öyrənilir, nə də fərdi bacarıqlar və maraqlar nəzərə alınır. Gənclər sosial şəbəkələrdə görüb bəyəndikləri peşələri seçir, ya da valideyn məsləhəti ilə hərəkət edir. Bu isə sonradan həm peşəkar uğursuzluğa, həm də şəxsi motivasiya çatışmazlığına səbəb olur. Peşə təhsili isə alternativ marşrut kimi təqdim olunmur. Məhz buna görə də texniki və peşə yönümlü sahələrdə əmək bazarında böyük boşluqlar var”.

K.Əsədov qeyd edib ki, dünya təcrübəsində isə tam əksinə, peşə təhsili əmək bazarına adaptivlik baxımından strateji vasitə kimi tətbiq olunur: “Almaniyada “dual təhsil” sistemi vasitəsilə şagirdlər həm oxuyur, həm işləyir və əmək bazarına təcrübəli şəkildə daxil olurlar. Skandinaviya ölkələrində peşə və akademik təhsil bərabər səviyyədə dəyərləndirilir. Cənubi Koreyada isə orta məktəbdən başlayaraq “career-pathway” sistemləri qurulub və hər şagirdin marağına uyğun individual təhsil trayektoriyası hazırlanır”.

 

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti üzrə hazırlanıb.
mediad%C4%B1in.jpg

Digər xəbərlər