Meksikada Pelenin heykəli ucaldılıb
Meksikanın Qvadalaxara şəhərində Braziliya futbolunun əfsanəsi Pelenin 9,5 metr hündürlüyündə heykəlinin açılışı olub.
Operativ Media AP agentliyinə istinadən xəbər verir ki, abidə futbolçunun Braziliya milli komandası ilə qazandığı uğurların xatirəsinə ucaldılıb.
Heykəl 1970 və 1986-cı illərdə dünya çempionatının oyunlarına ev sahibliyi etmiş "Xalisko" stadionunun yaxınlığındakı meydanda quraşdırılıb.
2022-ci ildə 82 yaşında vəfat edən Pele 1970-ci ildə Meksikada keçirilən mundialda karyerasının üçüncü dünya çempionluğunu qazanmışdı.
Qeyd edək ki, Qvadalaxara 2026-cı il dünya çempionatının final mərhələsində qrup oyunlarından dördünə ev sahibliyi edəcək. Burada Cənubi Koreya – Çexiya (12 iyun), Meksika – Cənubi Koreya (18 iyun), Kolumbiya – Konqo (23 iyun) və Uruqvay – İspaniya (26 iyun) matçları keçiriləcək.