Azərbaycanın qlobal nüfuzuna töhfə: WUF13-ün uğurlu nəticələri - TƏHLİL
“WUF13 təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma kimi deyil, həm də Azərbaycanın dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyan tədbir kimi yadda qaldı”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, forum ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, siyasi mesajlarının qlobal auditoriyaya çatdırılması və turizm potensialının təqdim olunması baxımından mühüm rol oynadı.
O bildirib ki, tədbir çərçivəsində Azərbaycan özünü regionun mühüm diplomatik və beynəlxalq əməkdaşlıq mərkəzlərindən biri kimi təqdim etməyi bacardı. Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı da məhz bu məqsədə xidmət edən əsas məqamlardan biri idi. Çıxış zamanı Azərbaycanın inkişaf modeli, şəhərsalma sahəsində həyata keçirilən layihələr və ölkənin beynəlxalq əməkdaşlığa verdiyi önəm xüsusi vurğulandı:
“Forum iştirakçılarının Azərbaycanda gördükləri müasir infrastruktur, təhlükəsizlik mühiti və qonaqpərvərlik ölkə haqqında müsbət təsəvvürlərin formalaşmasına ciddi təsir göstərdi. Xaricdən gələn nümayəndələr və qonaqlar üçün bu tədbir Azərbaycanı yaxından tanımaq imkanı yaratdı. Bu isə uzunmüddətli perspektivdə həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələrin inkişafına töhfə verə bilər.
WUF13-ün mühüm nəticələrindən biri də turizm sektoruna verdiyi töhfədir. Son dövrlərdə turizm statistikalarında müşahidə olunan artım beynəlxalq tədbirlərin ölkəyə marağı yüksəltdiyini göstərir. Belə forumlar Azərbaycanın yalnız enerji ölkəsi deyil, eyni zamanda beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan olduğunu nümayiş etdirir”.
