Kənd təsərrüfatında məhsuldarlıq necədir? - Ekspert rəyi

"Aparılan müşahidələr göstərir ki, bu il əvvəlki illərlə müqayisədə hava şəraiti nisbətən əlverişli olmuşdur. Lakin “quraqlıq” anlayışını yalnız iqlimlə əlaqələndirmək düzgün deyil. Əgər müəyyən ərazilərdə su çatışmazlığı mövcuddursa və kənd təsərrüfatında suvarma sistemi vaxtında təşkil edilə bilmirsə, bu hal təkcə hava şəraiti ilə bağlı deyil, eyni zamanda mövcud su təsərrüfatının düzgün idarə olunmaması ilə əlaqədardır. Azərbaycanda suyun qeyri-effektiv idarə olunması məhsuldarlığın azalmasına və kənd təsərrüfatı məhsullarının həcminin aşağı düşməsinə səbəb olur".
Bu fikirləri Operativ Media-ya açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli deyib.
O bildirib ki, iqlim şəraitinin nisbətən sabitləşməsi kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır:
“Azərbaycanda bitkiçilik əsas istiqamətlərdən biridir və bu sahədə təbii imkanlardan səmərəli istifadə edilməlidir. Təəssüf ki, sahə üzrə ixtisaslı mütəxəssislərin sayı azdır və onların əksəriyyəti dövlət strukturlarında təmsil olunmur ki, bu da əlavə çətinliklər yaradır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, kənd təsərrüfatında məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % azalaraq 4 milyard 776 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 4 milyard 648 milyon manat təşkil edib.
Sentyabrın 1-nə kimi tarlalardan qarğıdalı daxil olmaqla 3 milyon 50 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 0,8 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 420,6 min ton (5,2 % az) tərəvəz, 760,4 min ton (4,9 % az) kartof, 510,5 min ton (1,4 % çox) meyvə və giləmeyvə, 450,8 min ton (6,5 % az) bostan məhsulları, 62,3 min ton (6,8 % az) üzüm, 43,9 min ton (79,3 % çox) şəkər çuğunduru, 21,5 min ton (16,7 % az) günəbaxan, 5 min ton (53% çox) tütün, 876,2 ton (2,8 % az) yaşıl çay yarpağı, 23,2 ton (24,7 % çox) pambıq yığılıb.
8 ay ərzində quş əti daxil olmaqla diri çəkidə 383,9 min ton ət, 1 milyon 493,4 min ton süd, 1 milyon 605,7 milyon ədəd yumurta, 14,3 min ton yun, 186,6 ton barama istehsal olunub, illik müqayisədə yumurta istehsalı 2,1%, ət istehsalı 1,2 %, süd istehsalı 0,3 % artıb, yun istehsalı 1,4 %, barama istehsalı 22,1 % azalıb.
Strateji əhəmiyyət kəsb edən buğda istehsalı isə 10 faiz azalıb.
Aparılan müşahidələr göstərir ki, nəzərdə tutulan proqnozlarla müqayisədə bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında ciddi azalma qeydə alınmışdır. Belə ki, bəzi meyvə və tərəvəz növlərinin məhsuldarlığı əvvəlki illərə nisbətən xeyli aşağı düşmüşdür.
Xüsusilə ixrac yönümlü məhsullarda vəziyyət daha qabarıq şəkildə özünü göstərir. Fındıq və qoz istehsalında azalma müşahidə olunmuş, nəticədə həm məhsuldarlıq, həm də maya dəyəri yüksəlmişdir. Bu isə ixracın gələcək perspektivlərini qeyri-müəyyənləşdirir. Çünki maya dəyərinin artması fermer və sahibkarların məhsulu aşağı qiymətə ixrac etməyə marağını azaldır.
Müəyyən məhsullarda isə nisbətən müsbət dinamika müşahidə olunmuşdur. Məsələn, narın bu il əvvəlki illərlə müqayisədə daha bol olduğu görünür. Lakin bu göstərici bazarda tələb-təklif balansına tam uyğun gəlmir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və məhsulun hələ tam mövsümə daxil olmaması səbəbindən nar bazar göstəricilərində aldadıcı təsəvvürlər yaranır. Bununla belə, nar ixracında müəyyən artım gözlənilə bilər.
Xurma istehsalı ötən illə müqayisədə azalmışdır. Alma üzrə də statistik məlumatlar istehsalın azalmasını təsdiqləyir, bazar qiymətlərinin yüksəlməsi isə məhsul qıtlığından xəbər verir.
Digər tərəfdən, ölkədə ət istehsalı ilə bağlı rəsmi statistikalarda artım göstərilsə də, bu artımın əsas səbəbi diri heyvanların idxalı ilə bağlıdır. Belə ki, ölkəyə gətirilən diri heyvanlar daxildə kəsildikdə, bu, “daxili istehsal” kimi qeydə alınır. Halbuki həmin heyvanlar Azərbaycanda yetişdirilmədiyi və bəslənmədiyi üçün, əslində, bu göstəricilər idxal hesabına təmin edilir. Bu praktika isə real kənd təsərrüfatı istehsalı ilə uyğun gəlmir və statistik təhriflərə səbəb olur".
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirlinin sözlərinə görə, payız mövsümü kənd təsərrüfatı üçün ən məhsuldar dövrlərdən biridir. Bu vaxt əsasən yaz və yayda əkilmiş bitkilərin yığım prosesi başa çatır və bazarlarda, həm də ixracda məhsul bolluğu müşahidə olunur:

"Qiymətləndirmə bir neçə əsas istiqamət üzrə aparıla bilər. Payızda əsasən üzüm, alma, armud, nar, xurma, fındıq, qoz, xiyar, pomidorun son məhsulları, həmçinin kartof, soğan, kələm kimi tərəvəzlər yığılır.
Bu mövsüm kənd yerlərində məşğulluq artır, çünki yığım işlərinə daha çox əmək qüvvəsi cəlb olunur.
Hava şəraitindən asılı olaraq məhsuldarlıq dəyişir. Quraqlıq və ya gözlənilməz yağıntılar məhsulun həm keyfiyyətinə, həm də həcminə təsir göstərir.
Yığım bolluğu qiymətlərin qısamüddətli enməsinə səbəb ola bilər, çünki təklif artır.
Anbarlaşdırma və soyuducu infrastrukturun yetərli olmaması məhsulun tez xarab olmasına gətirir, bu da qiymət dalğalanmalarını artırır.
Ən çox tələb olunan məhsullar (üzüm, nar, alma və tərəvəzlər) daxili bazarda mövsümi üstünlük qazanır”.
O, bildirib ki, Azərbaycanın nar, fındıq, üzüm, xurma kimi payız məhsullarına xarici bazarlarda böyük tələbat var:
"Rusiya, Yaxın Şərq və Avropa bazarları əsas ixrac istiqamətləri hesab olunur. Məhsulun çeşidlənməsi, qablaşdırılması və logistika xidmətlərinin keyfiyyəti ixrac həcmini birbaşa müəyyən edir. Dünya bazarında qiymətlərin yüksək olduğu dövrdə ixrac daha sərfəli olur, amma daxili bazarda qıtlıq riski yarada bilər.
Payız mövsümü kənd təsərrüfatı üçün bir sıra çətinliklərlə müşayiət olunur. Bunlara infrastrukturun yetərsizliyi, soyuducu və anbarların azlığı, ixrac üçün sertifikatlaşdırma və keyfiyyət standartlarına uyğunluq problemləri daxildir. Eyni zamanda, müəyyən imkanlar da mövcuddur: dövlətin ixrac təşviqi proqramları, yeni bazarların axtarışı (Körfəz ölkələri və Çin kimi), həmçinin üzvi və ekoloji təmiz məhsullara artan maraq kənd təsərrüfatının inkişafına töhfə verə bilər".
"Payız mövsümü kənd təsərrüfatı məhsullarının həm yığım, həm də ixrac baxımından ən strateji dövrüdür. Məhsulun vaxtında toplanması, düzgün saxlanması və ixrac kanallarının gücləndirilməsi Azərbaycan kənd təsərrüfatının gəlirliyini əhəmiyyətli dərəcədə artıra bilər”, - o, qeyd edib.
Ayşən Sadıxzadə
