“Service fee” və “tip” mədəniyyəti Azərbaycanda necə formalaşıb?

Ayşən Sadıxzadə
“Service fee” və “tip” mədəniyyəti Azərbaycanda necə formalaşıb?

Son illərdə restoran və ictimai iaşə sektorunun inkişafı ilə yanaşı, xidmətə verilən dəyər də diqqət mərkəzinə çevrilib. Xüsusilə “service fee” və “tip” anlayışları bu sahədə maraqlı müzakirələr doğurur. Müştərilərin hesabda qarşılaşdığı bu iki termin, əslində, eyni məqsədə  göstərilən xidmətin qarşılığının ödənilməsinə xidmət etsə də, mahiyyətcə fərqlənir.

Dünyanın bir çox ölkəsində formalaşmış bu mədəniyyət artıq Azərbaycanda da geniş yayılmağa başlayıb. Bəzi restoranlarda xidmət haqqı avtomatik şəkildə hesaba əlavə olunur, bəzilərində isə müştərinin könüllü təşəkkür jesti  yəni “tip” formasında ifadə edilir. Lakin bu iki yanaşma arasında balansın necə qurulması, müştərinin razılığı və xidmətin real keyfiyyəti məsələsi hələ də müzakirə mövzusudur.

“Service fee və tip mədəniyyəti” yalnız iqtisadi tərəfdən deyil, həm də etik və sosial baxımdan önəmli bir göstəricidir. Çünki bu münasibət təkcə yeməyin dadına deyil, xidmətin dəyərinə və insanın əməyinə verilən hörmətə əsaslanır.

Mövzu ilə bağlı Operativ Media-ya danışan “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, "çay pulu” (tip) və “servis haqqı” (service fee) anlayışlarını bir-birindən fərqləndirmək vacibdir: 

““Çay pulu” müştərinin razılığı əsasında könüllü şəkildə xidmət personalına verilən bəxşişdir, “servis haqqı” isə hesabda əvvəlcədən göstərilən, məcburi xidmət ödənişidir.

Masa xidmətçisinə bəxşiş vermək ənənəsi XVI əsrdə İngiltərədə yaranıb və zamanla dünyaya yayılıb. Sovet dövründə bu adət geniş qəbul edilməsə də, Azərbaycanda qədimdən mövcuddur. Hazırda Avropa ölkələrində “çay pulu” adətən 5–10%, ABŞ-da isə 15–25% təşkil edir. Bəzi Amerika ştatlarında ofisiantların maaşları aşağı müəyyənləşdirilir, çünki onların əsas gəliri məhz bəxşişlərdən formalaşır. Lakin bu ödənişlər vergi sistemində nəzərə alınmadığından, bir çox ölkələrdə bu sahənin tənzimlənməsi müzakirə mövzusudur.

Azərbaycanda “çay pulu” və “servis haqqı” anlayışlarını tənzimləyən xüsusi qanun və ya normativ sənəd mövcud deyil. Restoran biznesi sahəsində hüquqi baza və nəzarət mexanizmləri də zəifdir. Assosiasiyalar və aidiyyəti qurumlar bu boşluqları aradan qaldırmaq üçün tövsiyələr versə də, hələ vahid yanaşma formalaşmayıb.

Xidmət personalının əməkhaqları çox vaxt yüksək sayılmır. Bəzi restoranlarda “çay pulları” bütün personal arasında bölünür, bəzilərində isə ofisiant öz payını özü götürür. Mətbəx işçiləri bu gəlirdən demək olar, kənarda qalırlar, baxmayaraq ki, xidmət keyfiyyətində onların da rolu böyükdür.

“Servis haqqı” əsasən yüksək səviyyəli restoranlarda tətbiq olunur, lakin “fast food” və ya dönər məkanlarında belə ödənişlər alınmır. Əsas problem ondadır ki, bəzi yerlərdə müştərilərə bu haqq barədə əvvəlcədən məlumat verilmir, bu isə narazılıqlara səbəb olur. Müştəri hesabında gözlənilmədən 15–20% əlavə ödənişlə üzləşdikdə, bu, konflikt yarada bilər.

Ona görə də “servis haqqı” şəffaf və normalara uyğun tətbiq edilməli, müştəri bu barədə əvvəlcədən məlumatlandırılmalıdır. Beləliklə, həm xidmətin keyfiyyəti artır, həm də müştəri məmnuniyyəti qorunur. Azərbaycanda bu mədəniyyətin düzgün formalaşması üçün həm restoran rəhbərləri, həm də dövlət qurumları arasında koordinasiyalı iş vacibdir”.

Digər xəbərlər