Bu gün Bərdədə baş verən terror hadisəsindən 5 il keçir. 2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə atdığı raketlər nəticəsində çoxsaylı mülki sakin həlak olmuş, binalar və iş yerləri dağıdılmışdı. Bu dəhşətli terror aktı Azərbaycanın cəbhə bölgəsində yaşayan insanlara böyük qorxu və faciə yaşatmış, gündəlik həyatın təhlükə altında olduğunu bir daha sübut etmişdi.
Terror şahidi olan Bərdə rayon sakini Elvin Piriyev Operativ Media-ya həmin gün yaşadıqlarından danışıb.

Elvin Piriyev bildirib ki, hadisə baş verən vaxt əraziyə yaxın bir yerdən çörək alırmış:
“Bərdə cəbhə xəttinə yaxın olduğu üçün demək olar ki, səslər dayanmırdı, amma raket düşəndə olan səs tamamilə fərqli idi — o qədər güclü idi ki, eşidən hər kəs şok keçirdi. Mənim yanımda dostum da vardı və biz özümüzdən asılı olmayaraq ani olaraq əyildik.
Mən tez qardaşıma zəng etdim, sonra ailəmlə əlaqə saxladım. Raketin gücü o qədər böyük idi ki, uzaqda olanlar belə səsini eşidə bilirdi. Hadisə yerinə tez qaçdıq. Çatdığımız zaman qarşılaşdığımız mənzərə dəhşətli idi — hər kəs qorxu içində qaçırdı, yerdə yaralı və həlak olmuş insanlar vardı. İnsanların reaksiyaları isə müxtəlif idi: bəziləri uşaqlarını qucaqlamışdı, bəziləri anasını, qardaşını qorumağa çalışırdı. Orada olanlar üçün mənzərə çox ağır idi, unudulması mümkün olmayan bir xatirə olaraq qaldı”.
O qeyd edib ki, insanlar çox qorxurdu və kömək etmək istəyirdilər:
“Hadisə yerinə gələn çoxlu sayda insan vardı və hamı bir şey etməyə çalışırdı. Biz də yaralılara yardım etməyə çalışdıq. Həmin günün ən böyük hissi isə nifrət idi. Düşmənin etdiyi bu dəhşət qarşısında insanların içindəki nifrət hissi bütün qorxunu üstələmişdi.
Yaxınlıqdakı evlər və iş yerlərinə çox ziyan dəydi. Bizim ev uzaqda olmasına baxmayaraq, raketin gücü pəncərələrə və qapılara möhkəm zərbə vurmuş, divarlara çırpılmışdı. O gündən sonra gündəlik həyatımız tamamilə dəyişdi. Hər səsdə, hər kiçik partlayışda insan instinktiv olaraq reaksiya verirdi.
İndi həmin ərazidən keçəndə həmin günün mənzərəsi gözümün önünə gəlir — o səslər, o qaça-qaç, insanların qorxusu. Tanışlarım və yaxınlarım hələ də həmin günü dünən kimi xatırlayırlar. Allah bir daha belə bir faciəni göstərməsin.
Hadisə çox dərin, unudulmaz izlər qoydu. İnsanlar qorxurdular, amma eyni zamanda birliyini və insanlığa olan inamını itirmədilər. Bu faciəni yad etmək üçün həmin əraziyə abidə qoyulub və hər il həmin gün güllər qoyularaq xatırlanır. Bu, həm itkilərin, həm də insanların qəhrəmanlıq və birliyinin simvoludur”.






