Menyu

Hava çirklənməsi: əsas səbəblər, nəticələr və həll yolları

Ayşən Sadıxzadə
Hava çirklənməsi: əsas səbəblər, nəticələr və həll yolları

Son illərdə şəhərlərdə yaşayan insanlar getdikcə daha çox toz, tüstü və səs-küy içində nəfəs alır. Avtomobillərin sayının artması, sənaye müəssisələrinin fəaliyyəti və yaşıllıqların azalması kimi amillər atmosfer havasını gündən-günə daha da çirkləndirir. Bu, təkcə ekoloji məsələ deyil – həm insan sağlamlığına, həm də bitki və heyvanlar aləminə birbaşa təsir göstərən ciddi problemdir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da iri şəhərlərdə havanın keyfiyyəti ilə bağlı narahatlıq artır. Atmosferin çirklənməsi yalnız bu gün üçün deyil, həm də gələcək nəsillərin sağlam mühitdə yaşaması üçün təhlükə yaradır. Buna görə də həm dövlət səviyyəsində, həm də fərdi davranışlarda təbiətə və havaya qarşı məsuliyyətli yanaşmaq vacibdir.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Operativ Media-ya açıqlamasında bildirib ki, ölkə ərazisində atmosfer havasının keyfiyyətinə nəzarət Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalarla yanaşı, mobil laboratoriyalar və portativ cihazlar vasitəsilə həyata keçirilir.

“Əldə edilən məlumatların təhlili göstərir ki, 2025-ci ilin ötən dövrü ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə havadakı dispers toz hissəciklərinin konsentrasiyasında azalma müşahidə olunub,” – deyə baş mühəndis qeyd edib.

Onun sözlərinə görə, ölkə ərazisində havanın tozla çirklənməsi bir neçə səbəbdən baş verir və çox vaxt transsərhəd xarakter daşıyır. Belə ki, Xəzər dənizi üzərindən əsən güclü şərq və cənub-şərq küləkləri toz kütlələrini ölkə ərazisinə gətirir.

“Havanın çirklənmə səviyyəsinə təsir edən əsas amillər sırasında köhnə nəqliyyat vasitələrinin mərhələli şəkildə dövriyyədən çıxarılması, elektromobil və hibrid avtomobillərin istifadəsinin artması, eləcə də sənaye müəssisələrində müasir qaz-toz tutucu qurğuların tətbiqi mühüm rol oynayır. Bu tədbirlər nəticəsində atmosferə atılan zərərli qazların miqdarı azalır və gələcəkdə hava keyfiyyətinin daha da yaxşılaşacağı gözlənilir,” – deyə Rəna Allahverdiyeva əlavə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev isə bildirib ki, son vaxtlar Azərbaycanın böyük şəhərlərində, xüsusilə Bakıda havanın çirklənməsi ciddi narahatlıq doğurur.

“Bu, artıq təkcə bizdə deyil, bütün dünyada şəhər mühitinin ən böyük problemlərindən biri kimi qəbul olunur,” – deyə o vurğulayıb.

Ənvər Əliyevin sözlərinə görə, havanın çirklənməsinin əsas iki mənbəyi var:

“Birincisi, zavod və fabriklərdir – yəni sənaye müəssisələri. Onlar gecə-gündüz fəaliyyət göstərir və müxtəlif qazlar, tüstülər atmosferə yayılır. İkincisi isə avtomobillərdir. Mühərriklərdən çıxan karbon, kükürd və azot birləşmələri, qurum və digər zərərli maddələr havanı çirkləndirir.

Bu çirkli qazlar yalnız havada qalmır – onların bir hissəsi bitkilərə hopur, heyvanlar bu bitkilərlə qidalanır və nəticədə həmin maddələr insan orqanizminə daxil olaraq müxtəlif sağlamlıq problemlərinə səbəb olur.”

Ekoloq əlavə edib ki, hava çirklənməsinə bəzən səs-küy də qoşulur. “Beynəlxalq normalara görə, şəhərlərdə səs səviyyəsi 50 desibeli keçməməlidir. Bizdə isə 56 desibelədək icazə verilir. Amma bu hədd aşdıqda insanlar əsəbi olur, yuxu pozğunluqları yaranır, ürək-damar və sinir sistemi xəstəlikləri başlaya bilər.”

Onun fikrincə, problemin qarşısını almaq üçün bir sıra tədbirlər görülür:

  • şəhərlərdə elektriklə işləyən avtomobillərin istifadəsinin artırılması,

  • yolların kənarında ağacların əkilməsi (çünki ağaclar həm səsi, həm də zərərli qazları udur),

  • avtomobillərin texniki vəziyyətinə diqqət yetirilməsi və köhnə mühərriklərin mərhələli şəkildə yenilənməsi.

“Əlbəttə, elektrik enerjisi də tam ‘təmiz’ sayılmır, çünki ölkəmizdə onun böyük hissəsi hələlik neftlə işləyən istilik stansiyalarından alınır. Lakin gələcəkdə günəş, külək və hidrogen enerjisinə keçid bu problemin azalmasına ciddi töhfə verə bilər,” – deyə Ənvər Əliyev qeyd edib.

Ekoloq Cəmşid Bəxtiyar bildirib ki, Azərbaycanın iri şəhərlərində, xüsusilə Bakıda, Gəncədə və Sumqayıtda hava çirklənməsinin əsas mənbələri nəqliyyat, sənaye müəssisələri və məişət yanacağıdır:

"Rəsmi məlumatlara əsasən, atmosferə atılan zərərli maddələrin təxminən 80–90 faizi avtomobil nəqliyyatının payına düşür.

Şəhərlərdə nəqliyyat vasitələrinin sayının sürətlə artması, köhnə avtomobillərin istismarı və ən böyük problemlərdən biri olan aşağı keyfiyyətli yanacaqdan istifadə nəticəsində azot oksidləri, karbonmonoksid və toz hissəciklərinin (PM2.5, PM10) səviyyəsi artır.

Hava çirklənməsinin ikinci böyük mənbəyi sənaye və enerji istehsalı müəssisələridir. Neft-qaz emalı, kimya və metallurgiya sahələrində bəzi zavodların köhnə texnologiyalarla fəaliyyət göstərməsi nəticəsində atmosferə kükürd oksidləri, azot birləşmələri və digər toksik qazlar atılır. Xüsusilə Sumqayıt və ətraf sənaye zonalarında bu təsir daha aydın hiss olunur.

Bundan əlavə, qış aylarında məişət istilik sistemlərində aşağı keyfiyyətli yanacaqdan istifadə, eləcə də tikinti sektorunda yaranan toz emissiyaları da şəhər havasının çirklənməsini artıran amillərdəndir.

Görülən tədbirlərə gəlincə, son illərdə hökumət bu sahədə bir sıra sistemli addımlar atmışdır. Məsələn, Azərbaycanda “Euro-5” standartlı yanacağın istehsalı və satışı, köhnə və yüksək emissiyalı avtomobillərin idxalına məhdudiyyətlərin tətbiqi, hava monitorinq şəbəkəsinin genişləndirilməsi, sənaye müəssisələrinin modernləşdirilməsi, neft emalı zavodlarında və digər iri sənaye obyektlərində filtrasiya sistemlərinin yenilənməsi bu istiqamətdə görülən mühüm işlərdəndir.

Lakin bütün bu tədbirlərə baxmayaraq, yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyəti hələ də ciddi narazılıq doğurur. Konkret bir fakt: avtomobilim iki ay müddətinə təmir üçün dayanmışdı. Təmirdən sonra ustalar onu işə salmaq istəyəndə məlum oldu ki, bakda qalan benzin tərkibindəki kənar qatışıqlar səbəbindən dibində çöküntü əmələ gətirib və artıq istifadəyə yararsız vəziyyətə düşüb. Həmin çöküntülər az qala mühərriki də sıradan çıxaracaqdı. Belə keyfiyyətsiz yanacaqla hava təmizliyindən danışmaq, əlbəttə ki, mümkün deyil.

DYP əməkdaşlarının keçirdiyi “Təmiz hava aylığı” kampaniyaları isə, təəssüf ki, əsas günahkar olan yanacaq istehsalçıları və satıcıları deyil, sadə vətəndaşları cəzalandırmağa yönəlmiş tədbirlər təsiri bağışlayır".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti üzrə hazırlanıb.

 

Əlaqəli Xəbərlər