Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə qoşulması yeni siyasi və geoiqtisadi mərhələnin başlanğıcıdır - ŞƏRH
Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə qoşulması yeni siyasi və geoiqtisadi mərhələnin başlanğıcıdır.
Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev Operativ Media-ya açıqlamasında bildirib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısına çevrilməsi regionda yeni siyasi əməkdaşlıq formatının formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, bu addım tarixi, coğrafi, mədəni və dini bağlılıq amillərini özündə birləşdirən geniş məkanda dövlətlərin fəaliyyətlərinin əlaqələndirilməsi üçün mühüm siyasi platforma yaradır.
Deputat qeyd edib ki, yeni formatın yaradılması çoxtərəfli münasibətlərin gələcəkdə institutlaşdırılması istiqamətində atılmış ilk addım olmaqla yanaşı, regional əməkdaşlıqda dönüş imkanları da açır. Bu, Prezident İlham Əliyevin çoxtərəfli diplomatiyaya dair strateji baxışlarına tam uyğun olmaqla Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edən növbəti uğurlu təşəbbüsdür.
Rizvan Nəbiyev Prezident İlham Əliyevin Daşkənd görüşündə səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu artan vahid geosiyasi və geoiqtisadi regiondur”.
Deputat vurğulayıb ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlıq münasibətləri son illər misilsiz şəkildə inkişaf edib. Son üç ildə Prezident İlham Əliyevin bu ölkələrə 14 dövlət və işgüzar səfər, Mərkəzi Asiya ölkələrinin liderlərinin isə Bakıya 23 səfər etməsi bunun ən bariz göstəricisidir.
Nəticə etibarilə Azərbaycan Mərkəzi Asiyanın beş ölkəsinin hər biri ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb, Qazaxıstan və Özbəkistanla münasibətlər isə müttəfiqlik səviyyəsinə yüksəldilib. Həmçinin TDT, İƏT və digər çoxtərəfli platformalarda əməkdaşlıq genişlənərək yeni sahələri əhatə etməyə başlayıb.
Rizvan Nəbiyev deyib ki, Azərbaycanın formata qoşulması Orta Dəhliz və xüsusilə onun Zəngəzur seqmentinin regional və qlobal nəqliyyat xəritəsində rolunu daha da artıracaq. Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə verilməsi Mərkəzi Asiya ölkələrinin Avropa və dünya bazarına çıxışını genişləndirəcək, əlaqələri intensivləşdirəcək.
Deputatın sözlərinə görə, bu dəhliz türk dövlətlərinin iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi, nəqliyyat-tranzit imkanlarının birləşdirilməsi baxımından mühüm rola malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi Orta Dəhlizin əsas arteriyasına çevriləcək və ilkin mərhələdə 15 milyon ton yükdaşıma gücünə malik olacaq.
Azərbaycanın gələcək əməkdaşlığa mühüm töhfə verəcək əsas sahələrindən biri energetikadır. Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi yaşıl enerjinin qlobal bazarlara birgə ixracı üçün geniş imkanlar açır. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Anlaşma Memorandumu, eləcə də Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının texniki dəstək sənədləri bu istiqamətdə ciddi irəliləyişləri təsdiqləyir.
Deputat həmçinin “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzərin dibi ilə fiber-optik kabel çəkilişinin də ölkələr arasında rəqəmsal əməkdaşlığı yeni mərhələyə daşıyacağını vurğulayıb.
Rizvan Nəbiyev bildirib ki, Azərbaycan son 20 ildə yaratdığı enerji, nəqliyyat və tranzit infrastrukturu sayəsində Mərkəzi Asiya üçün etibarlı tərəfdaşa çevrilib.
14 ölkəni qazla təmin edən Azərbaycanın enerji diplomatiyası regionun təhlükəsizliyinə, Avropanın enerji xəritəsinin yenidən formalaşmasına mühüm töhfələr verib.
Deputatın sözlərinə görə, Azərbaycanın işğaldan sonra yaratdığı yeni siyasi reallıq və Prezident İlham Əliyevin sülh və əməkdaşlıq gündəliyi Mərkəzi Asiya dövlətləri tərəfindən yüksək qiymətləndirilir.
O vurğulayıb ki, Məşvərət Görüşü formatında əməkdaşlıq həm regional sabitlik, həm də qlobal çağırışlar fonunda mövqelərin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın regional liderliyinin möhkəmləndirilməsinə xidmət edir.
