Ali Baş Komandanın uzaqgörən siyasəti: Kəlbəcər yenidən dirçəlir
Bu gün Kəlbəcər üçün xüsusi və unudulmaz bir gündür. Uzun illər işğal altında qalan Kəlbəcər artıq azaddır. Bu tarixi gün hər bir kəlbəcərli üçün böyük qürur, sevinc və dönüşün simvoludur.
Operativ Media doğma yurdlarına dönən Kəlbəcər sakinlərinin təssüratlarını öyrənib
Kəlbəcər sakini Hikmət Şahmuradovun sözlərinə görə, Kəlbəcər onun üçün təkcə coğrafi məkan deyil, həm də milli kimlik, uşaqlıq xatirələri və ata-baba yurdu deməkdir:
“Mən uşaqlıqda Kəlbəcərin gur bulaqlarını, yamyaşıl meşələrini, yaylaqlarını, sıldırım qayalarını necə sevirdimsə, bu illər ərzində həmin sevgini qəlbimdə daha da böyütmüşəm. Hər bir kəlbəcərli kimi mənim də qəlbimdə o torpağın qoxusu, o dağların nəfəsi yaşayır.
İşğal illərində biz o yerləri yalnız xatirələrimizdə gəzirdik. Amma bu gün, biz doğma yurdumuza qayıtmışıq. Bu təkcə fiziki qayıdış deyil, haqqın səsi, ədalətin bərpası və mənəvi qalibiyyətin təzahürüdür.
İnanırıq ki, Kəlbəcər əvvəlkindən də gözəl, abad və güclü olacaq. Biz sakinlərdə bu yolda dövlətimizin yanındayıq, bütün gücümüz, əməyimiz və sevgimizlə çalışmağa hazırıq.
Kəlbəcər bizim kökümüzdür, tarixi yaddaşımızdır, Allahın bizlərə bəxş etdiyi cənnətdir. Ümid edirəm aparılan quruculuq işləri təbiət muzeyini sözün əsl mənasında cənnətə çevirəcəkdir".
Kəlbəcər sakini Nurayyə Mustafayeva da öz sevincini bölüşüb:
“Kəlbəcərin şəhər günü mənim üçün ən müqəddəs günlərdən ən birincisidir deyərdim. Bir ibtidai sinif müəllimi şagirdə ilk dəfə “Ana” və “Vətən”sözlərini öyrədir. Çünki bu iki varlıq dünyada heç nə ilə əvəz oluna bilməz. Mən də ibtidai sinif müəllimi olaraq çox xoşbəxtəm. Kəlbəcər dünyanın ən səfalı guşələrindən biri olduğu üçün burada yaşamaq ən böyük xoşbəxtlikdir. Burada yaşamaq mənə nəsib olduğu üçün çox xoşbəxtəm.
Kəlbəcər günü-gündən gözəlləşir və bu da bizi çox sevindirir. Ümid edirəm ki, bir neçə ildən sonra Kəlbəcər dünyanın ən gözəl şəhəri kimi bütün dünyanı valeh edəcək”.
Kəlbəcər sakini Asif Bayramov gələcəkdə bütün kəlbəcərlilərin öz doğma yurdlarına qayıtmasını arzu etdiyini bildirib:
“Kəlbəcər şəhər günü mənim üçün ən yadda qalan tarixi bir gündür. Bu gün yaddaşıma həkk olunub. Kəlbəcər günü-gündən çiçəklənir və burada olan yenidənqurma işləri məni çox sevindirir. Gələcək illərdə şəhərimiz daha da inkişaf edəcək və mən bütün Kəlbəcərlilərin burada yaşamağını görmək istəyirəm".
Kəlbəcər sakini Yusif Nəcəfov bildirib ki, o, bu günü böyük sevinc və qürurla qeyd edir:
“Bu gün Kəlbəcər sakinləri üçün bəlkə də ən gözəl, ən unudulmaz gündür. Çünki illərlə həsrətində olduğumuz Kəlbəcərin azad olunmasının ildönümüdür. Mən də bir Kəlbəcər sakini kimi bu günü böyük sevinc və qürurla qeyd edirəm.
32 il həsrətində qaldığımız Kəlbəcərdə sakinlər üçün salınmış bütün şəraiti olan yeni binaları görmək insana sözün əsl mənasında sevinc yaşadır.
Gələcəkdə Kəlbəcərin kəndlərinin də tezliklə bərpa olunmasını və kənd sakinlərinin doğma yurdlarına qayıtmasını çox istərdim”.
Deputat Pərvanə Vəliyeva bildirib ki, 1993-cü ildə Kəlbəcərin işğalı bölgənin tarixində ağır bir faciə idi:
“Minlərlə soydaşımız erməni hərbi birləşmələri tərəfindən doğma torpağını, evini tərk etməyə məcbur edilmiş, onlara cəmi 10 saat vaxt verilmiş, lakin 10 saat belə dinc sakinlərə çox görülmüş, 511 kəlbəcərli qətlə yetirilmiş, 321 dinc sakin isə əsir götürülmüş və itkin düşmüşdür.
Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur.
İşğal nəticəsində yüzlərlə tarixi abidə dağıdılmış, təbii sərvətlər talan edilmiş, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və muzey, xəstəxanalar və digər infrastrukturlar talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdı.
2020-ci il Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə tarixə qızıl hərflərlə yazıldı. Ali Baş Komandanın siyasi iradəsi ilə 25 noyabr 2020-ci ildə Kəlbəcər sülh yolu ilə Azərbaycana qaytarıldı. Ərazini boşaltmaq üçün qarşı tərəf 10 gün vaxt istəyib. Lakin bu ərazini tərk edərkən, onlar ətraf mühitə ciddi ziyan vurmuş, biomüxtəlifliyi məhv etmiş və meşələri, evləri yandırmışdılar, mədəni artifaktları daşımışdılar.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin başlanması xalqımız üçün ruh yüksəkliyi yaratdı və yeni inkişaf mərhələsinin əsasını qoydu. Hazırda Kəlbəcər rayonu üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Yeni yollar, tunellər və körpülər inşa olunur. Xüsusilə Laçın–Kəlbəcər və Tərtər–Kəlbəcər avtomobil yolları bölgənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin İstisu kurort kompleksinin bərpası regionun turizm potensialını canlandırır. Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri, təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və dini abidələrin bərpa və konservasiya proqramları həyata keçirilir. Bütün bu layihələr Kəlbəcərin gələcəkdə Cənubi Qafqazın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən edilmişdir.
Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır.
Kəlbəcərin azad olunmasında, eləcə də, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün Şəhidlərimizin ruhu şad olsun! Qazilərimizə isə Allahdan can sağlığı diləyirik!”.
Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Kəlbəcər rayonu bir güllə belə atılmadan işğaldan azad edilib:
“Düzdür, əgər Ermənistan təxribata əl atsaydı, Azərbaycan onsuz da Kəlbəcəri azad edəcəkdi. Lakin bu zaman çox çətinlik olardı – coğrafiya baxımından hər dərənin, hər yüksəkliyin alınması uğrunda mübarizə aparmaq lazım gələcəkdi. Amma Azərbaycan əsgəri öz torpağını azad etmək əzmində idi və heç nə onu dayandıra bilməzdi.
Cənab Prezidentin uzaqgörən siyasəti minlərlə əsgərimizin həyatını qorudu. Əsas məqsədə çatıldı – Kəlbəcər rayonunun işğaldan azad olunması təmin edildi. Ermənistan öz qoşunlarını Kəlbəcərdən çıxarmağa məcbur oldu. Azərbaycanın gücü, qətiyyəti və Azərbaycan ordusunun qəhrəmanlığı olmasaydı, Ermənistan bunu heç vaxt etməzdi.
Bu gün Kəlbəcər işğaldan azaddır və qoşunların çıxdığı gün Kəlbəcərin Qurtuluş Günü kimi qeyd olunur. Qısa müddətdə Kəlbəcərin bərpası üçün böyük işlər görülüb. Artıq doğma torpağına qayıdan sakinlər var. İstisu sanatoriyası ən müasir layihə əsasında yenidən qurulur və çox keçmədən insanlarımız orada yüksək səviyyəli müalicə ala biləcəklər. O, təkcə Azərbaycan vətəndaşları üçün deyil, dünya üçün də tanınmış bir müalicə mərkəzinə çevriləcək.
Bu gün Kəlbəcərin işğaldan azad olunmasına təkcə kəlbəcərlilər deyil, bütün Azərbaycan xalqı sevinir. Biz onları təbrik edirik, özümüzü təbrik edirik. Azərbaycan öz gücünü göstərdi, öz torpağına sahib çıxmaqla dünyaya nümunə oldu. Kəlbəcər bundan sonra daha gözəl, daha güclü Azərbaycanımızın bu gününün və sabahının ən parlaq bölgələrindən biri olacaq”.
Deputat Azər Badamovun sözlərinə görə, Kəlbəcərin azad edilməsi İlham Əliyevin siyasəti, hərbi gücü, strateji və taktiki planlamanı birlikdə, uğurla nəticələndirməsi sayəsində mümkün olmuşdur:
"25 noyabr Azərbaycan təqvimində “Kəlbəcər şəhəri günü” kimi əlamətdardır. Kəlbəcər qədim türk yurdu olmaqla yanaşı, həm də taleyinə ağrılı-acılı günlər yazılan bölgəmizdir. Bu, məhz onun tarixi əhəmiyyəti, strateji mövqedə olması, zəngin təbiəti və potensialı ilə əlaqədardır. Ərazisi 3054 kv. km. təşkil edən, Azərbaycanın ən yüksək dağ rayonu olan bu bölgəmizin çox hissəsi meşəlikdir. Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edildiyi zaman sakinlərinə qarşı amansız rəftar edildi. 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü, neçə-neçə insanın taleyi haqqında heç bir məlumat yoxdur. Bu azmış kimi rayonun tarixi-mədəni abildələri yerlə bir edildi, resursları, milyardlarla manatlıq sərvəti isə talan edilərək Ermənistana daşındı. Ermənistanın işğalı nəticəsində rayonun əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.
Ağrılı-acılı günlər yaşamalı oldular. BMT Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il də 822 saylı Qətnamə qəbul etsə də, bu Qətnamə də yerdə qalan üç qətnamə kimi nə Ermənistan, nə də beynəlxalq təşkilatlar tərəfindən icra edildi. Üstəlik, tərəflər o qədər azğınlaşdı ki, 1999-cu ildən başlayaraq Kəlbəcər ərazisində ermənilər qeyri-leqal formada məskunlaşdırılmağa başlanıldı. Məqsəd Kəlbəcər kimi bütün ərazilərimizi bizə unutdurmaq, bölgədən Azərbaycanın, azərbaycanlıların, türkün izini silmək idi. Bu baxımdan cənab Prezident İlham Əliyev bildirdi ki, Şanlı Ordumuz qətiyyətli Haqq savaşının elə ilk günlərdə Kəlbəcərin şimal hissəsini azad etdi. Bu, Kəlbəcərin strateji əhəmiyyəti baxımından son dərəcə vacib addım idi. Götürülən strateji yüksəkliklər nəricəsində erməni silahlı qüvvələrinin əl-qolunu bağladıq, manevr imkanlarını məhdudlaşdıraraq faktiki olaraq Basarkeçər-Kəlbəcər yolundan istifadəyə mane olduq.
Kəlbəcərin azad edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu qələbə dövlət başçımızın siyasəti, hərbi gücü, strateji və taktiki planlamanı birlikdə, uğurla nəticələndirməsi sayəsində mümkün olmuşdur. Kəlbəcər Ermənistanın imza atdığı kapitulyasiya aktı ilə noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcərin boşaldılması zamanı ermənilər yenə də öz eybəcər xislətlərini nümayiş etdirdilər. Evlərə, həyətyanı sahələrə od vurmaq, ərazinin flora və faunasını məhv etmək kimi ən iyrənc hərəkətlərə əl atdılar. Bunların hər biri hərbi cinayətdir.
Cənab Prezident İlham Əliyev bu acı səhifəni 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis etməklə unutdurmağa müvəffəq oldu. Kəlbəcər uğrunda gedən döyüşlərdə iştiraka görə 9455 hərbi qulluqçumuz “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilimişdir. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir ki, 25 noyabr Azərbaycanda Kəlbəcər şəhəri günü kimi qeyd edilir. “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” çərçivəsində olduqca nəhəng işlər icra olunur. İcra edilən hər bir iş kimi bu işlər də dövlət başçımızın şəxsi nəzarəti altındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev mütəmadi əsasda azad olunmuş Kəlbəcər rayonuna səfərlər edir. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi salınıb, ailələrin köçürülməsi həyata keçirilir. Dövlət başçımız 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı Kəlbəcərə köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Həmçinin Yanşaq kəndinin yenidən qurulması ilə bütövlükdə 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşması planlaşdırılıb. Bölgədənin infrastrukturu yenidən qurulur, enerji ehtiyatlarından səmərəli istifadə həyata keçirilir. Bir sözlə, digər bölgələrimiz kimi Kəlbəcər də cənnətə çevrilir”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqaməti üzrə hazırlanıb.







