Menyu

Azərbaycan bu il AŞPA-ya qayıdacaq? - Deputat açıqladı

Operativ Media
Azərbaycan bu il AŞPA-ya qayıdacaq? - Deputat açıqladı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il qış sessiyası yanvarın 26-dan 30-dək Strasburqda keçiriləcək.

Operativ Media xəbər verir ki, sessiyanın əsas məqamları sırasında Moldova prezidenti Maya Sandunun, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Almaniyanın ədliyyə naziri Ştefani Hubiqin çıxışları yer alır.

Hubiqin “beynəlxalq ədalət sisteminin qorunması” mövzusunda cari məsələlər üzrə debat çərçivəsində çıxış etməsi gözlənilir.

İlin ilk sessiyasında Avropa Şurasına üzv dövlətlərin deputat qruplarının mandatı yenidən təsdiqlənəcək. 2024-cü ilin yanvarından etibarən AŞPA-nın fəaliyyətindən kənarda qalan Azərbaycan nümayəndə heyəti budəfəki sessiyaya da qatılmayacaq.

Azərbaycan AŞPA-nı ölkəmizə qarşı qərəzli mövqe sərgiləməkdə ittiham edib.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bu mövzu ilə əlaqədar Musavat.com-un suallarını cavablandırıb.

- Rizvan bəy, Azərbaycan üçüncü ildir ki, AŞPA-nın sessiyalarına qatılmır. Münasibətlərin perspektivini necə görürsünüz?

- Azərbaycan Respublikasının 2023-cü ilin sentyabrında həyata keçirdiyi qısamüddətli və lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren nəzarəti tam şəkildə bərpa edildi. Beynəlxalq hüququn prinsiplərinin bərpasını təqdir etmək, sülhün və təhlükəsizliyin bərpasına verilən töhfəni dəstəkləmək əvəzinə AŞPA-da əksər qüvvələr Azərbaycana münasibətdə növbəti dəfə ikili standartlar və qərəzdən qaynaqlanan mövqe nümayiş etdirdi. Bu səbəbdən Avropa Şurası Parlament Assambleyasının 12 oktyabr 2023-cü il tarixdə qəbul etdiyi 2517 (2023) saylı qətnaməsi və 2260 (2023) saylı tövsiyəsi Avropa Şurasının əsas qərar və sənədləri ilə ziddiyyət təşkil edir. Ona görə də Azərbaycan bu qətnaməni və tövsiyəni şiddətlə qınadı və qətiyyətlə rədd etdi. AŞPA tərəfindən Avropa Şurasının mexanizmlərinin Azərbaycana qarşı alətə çevrilməsi qeyri-konstruktiv addımdır və Azərbaycan-Ermənistan postmüharibə dövrünün normallaşması üçün də müsbət heç nə vəd etmir. Ötən il ərzində baş verən hadisələr də bunu bir daha təsdiqlədi. Avropa Şurası Parlament Assambleyasında proseslər hüquqi çərçivədən çox siyasi konyuktura və müəyyən qüvvələrin geosiyasi maraqlarına uyğun gündəm ilə idarə olunur. Bəzi qruplar AŞPA-nı “üzv dövlətlərə qarşı hücum platforması kimi” istifadə edir. Bu səbəbdən Azərbaycan tərəfi AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsini əsaslı olaraq “qərəzli kampaniyanın bir hissəsi” kimi qiymətləndirdi.

Azərbaycan nümayəndə heyəti bu qərara qarşı haqlı etirazını bildirərək fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı.

- Sessiyanın gündəliyi açıqlanıb, amma istisna deyil ki, gedişatda digər məsələlər də önə çıxarılsın, əlavələr edilsin. Qış sessiyasından gözləntiləriniz necədir, Azərbaycanın olmadığı platformada onunla bağlı müzakirələrin aparılması mümkündürmü?

- Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan 2026-cı ildə formalaşan gündəm dialoqa deyil, təzyiqə hesablanıb. Assambleyada Azərbaycanla bağlı formalaşmış yanaşma hələ də dəyişməyib və proseslər hüquqi obyektivlikdən daha çox siyasi mövqelər üzərindən qurulur. Sessiyanın 2026-cı il qış gündəliyində “beynəlxalq ədalət sisteminin qorunması” mövzusunun önə çəkilməsi fonunda Azərbaycana qarşı ittihamlar irəli sürülərsə, bu, ancaq açıq ikili standartın davamı olacaq. Azərbaycanın iştirakı olmadan onunla bağlı müzakirələrin aparılması nə siyasi dialoqa, nə də regional sabitliyə xidmət edir. Əksinə, bu yanaşma Avropa Şurasının da balanslaşdırıcı rolunu zəiflədir, qurumun etibarlılığına xələl gətirir və Azərbaycan-AŞPA əməkdaşlığının normal formatını pozur.

- Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək. Amma bu ərəfədə AŞPA, Avropa İttifaqı və digər qurumların qərəzli münasibəti ilə üz-üzəyik. Bu münasibətlər nə vəd edir? AŞPA-ya qayıdışımız mümkündürmü?

- Avropa Parlamentində müşahidə olunan qərəzli xəttin AŞPA-da da davam etdirilməsi onu göstərir ki, məsələ təkcə Parlament Assambleyası çərçivəsi ilə məhdudlaşmır və daha geniş siyasi koordinasiyanın tərkib hissəsidir. Bu şəraitdə AŞPA çərçivəsində münasibətlərin yaxın perspektivdə normallaşması heç də asan görsənmir. AŞPA siyasi qərəzdən imtina edib obyektiv yanaşmaya qayıdacağı halda, etimadın bərpası, münasibətlərin normallaşması və Azərbaycanın AŞPA-da iştirakı məsələsi yenidən gündəmə gələ bilər.

Əlaqəli Xəbərlər