Azərbaycan-Çin əlaqələri 2025-ci ildə tarixi yüksək səviyyəyə qalxıb
2025-ci il Azərbaycan-Çin münasibətləri üçün önəmli, hətta tam əminliklə deyə bilərik ki, tarixi bir il oldu. Həm siyasi, həm iqtisadi, həm humanitar sahədə aktivlik müşahidə olundu.
Operativ Media Azərtac-a istinadən xəbər verir ki, siyasi baxımdan təbii ki, 2025-ci il Azərbaycan-Çin münasibətlərinin tarixinə həkk olunacaq.
Belə ki, ötən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı 2 ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat imzalanıb. Beləliklə, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri əlaqələrimiz ən yüksək səviyyəyə qalxıb.
Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətdə saxlayıb. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində formalaşmış yaxşı dövlətlərarası münasibətlər nümunəsindən danışsaq, heç şübhəsiz, Azərbaycan-Çin əməkdaşlığını qeyd edə bilərik.
Dövlət başçılarının görüşləri, telefon danışıqları, məktub mübadilələri əsasında formalaşmış sıx dialoq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Prezident İlham Əliyev ÇXR Sədri Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə isə dövlət səfərində olub. 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı zamanı liderlər İlham Əliyev və Si Cinpinin görüşündə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyannamə qəbul olunmuşdu. Cəmi 10 ay sonra iki ölkə arasında münasibətlərin səviyyəsinin bir pillə daha yüksəlməsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq, siyasi etimad var və bu, davamlı inkişaf edir.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Çin ilə münasibətlərin səviyyəsinin yüksəldilməsini Azərbaycanın xarici siyasəti üçün 2025-ci ildə uğur gətirən ən mühüm hadisələrdən biri kimi dəyərləndirib. “Mən hesab edirdim ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidentinin Çinə ötən ilin aprelindəki dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat başda olmaqla əməkdaşlığa dair 20 sənəd imzalanıb. Həmin sənədlər iqtisadi-ticari, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, elm və təhsil, mədəniyyət, media və digər sahələri əhatə edir. Sözügedən sənədlər və ümumilikdə tərəflərin münasibətləri daha da irəli aparmaq istiqamətindəki fəaliyyəti sayəsində iqtisadi-ticari əməkdaşlıq genişlənib. İki ölkə arasında əmtəə dövriyyəsi rekord həddə çataraq, 4 milyard dolları ötüb. Çin şirkətləri Azərbaycana, xüsusən də yaşıl enerji sahəsində fəal şəkildə investisiya qoymağa başlayıb. Bura elektrik, Günəş, külək stansiyalarının tikintisi, elektrik avtobuslarının istehsalı daxildir.
İki ölkə əməkdaşlığında ən mühüm sahələrdən biri nəqliyyat-logistika sahəsidir. Dövlətimizin başçısı da müsahibəsində bu məsələyə geniş toxunub. “Nəqliyyat sektorunda artıq bəhs etdiyim fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım mənbəyi təbii ki, Çin olacaq. Çin Xalq Respublikası hazırda Xəzər dənizinə dəmir yolunun, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir, milyardlarla dollar sərmayə qoyur. Orada relyef çox mürəkkəbdir və çoxsaylı tunellər və körpülər tikilməlidir. Bu fakt onu göstərir ki, onlar bu layihəni maliyyələşdirmək qərarına gəldikləri üçün həmin dəmir yolu boş qalmayacaq. Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan əlverişli coğrafi mövqeyi, iqtisadi və logistika imkanları ilə regionda beynəlxalq tranzit yükdaşımaları üçün əvəzolunmaz ölkədir. Azərbaycan hələ illər öncədən beynəlxalq nəqliyyat marşrutlarının, o cümlədən Orta Dəhlizin tikintisinə ciddi sərmayələr yatırıb. Bura Ələt ticarət limanının inşası, Xəzər dənizində mülki donanmanın gücləndirilməsi, ölkə ərazisində və sərhədlərimizdən kənarda dəmir və avtomobil yollarının yenilənməsi və inkişafı, beynəlxalq hava limanlarının inşası daxildir. Azərbaycanın bağlantı imkanlarının davamlı olaraq yaxşılaşdırılması ölkənin uzunmüddətli iqtisadi strategiyasının əsas komponentləridir. Son illər Orta Dəhliz üzrə daşınan yüklərin, o cümlədən Çin yüklərinin həcmi əhəmiyyətli dərəcədə artıb. Bu da əbəs deyil, çünki Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranan vəziyyət ənənəvi şimal xəttinin sabit və etibarlı fəaliyyətini pozub. Bu səbəbdən Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti çoxalıb. Çin tərəfinin məlumatına görə 2025-ci ilin yanvar-noyabr aylarında bu marşrut üzrə ümumilikdə 466 qatar reysi həyata keçirilib. Elə 2026-cı il başlayar-başlamaz Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb. “Çin Enerji İnşaat Korporasiyası”na məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin–Avropa yük qatarı Sian şəhərindən yola çıxaraq, Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana, oradan isə Xəzər dənizi vasitəsilə yekunda Bakıya çatacaq. Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkəti daha da intensivləşib, daşınma müddəti isə 23 gündən təxminən 11 günədək qısalıb. Təkcə Çinin qərbindənki ən iri dəmir yolu terminalı olan Siandan deyil, paytaxt Pekin də daxil olmaqla Çinin bir neçə şəhərindən Orta Dəhliz vasitəsilə yük qatarı marşrutu fəaliyyət göstərir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 minə yüksələcək. Bu, Azərbaycanın logistik əhəmiyyətini artırmaqla yanaşı , həm də qlobal ticarət üçün uzunmüddətli, davamlı bir yoldur.
Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizi regional əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə Orta Dəhlizi daha da şaxələndirməyi hədəfləyir. Çin və Orta Asiya ölkələrindən gələn yüklərin gələcəkdə həm də Zəngəzur dəhlizi boyunca hərəkəti mümkün olacaq. Bu da öz növbəsində həm daşınan yüklərin həcmi üçün, həm rəqabətqabiliyyətlilik üçün, tranzit marşrutunun inhisarlaşdırılmasının qarşısını almaq və təbii ki, daha rəqabətli tariflər təmin etmək üçün alternativ təşkil edəcək. Təbii ki, Zəngəzur dəhlizinin Azərbaycan üçün iqtisadi faydası ilə yanaşı, siyasi dividendləri də olacaq.