Susdurulan şəhər, danışan yaddaş: 20 Yanvar

Bu gün 20 Yanvar faciəsindən 36 il ötür.
1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda və Azərbaycanın bir sıra bölgələrində törətdiyi qanlı qırğın nəticəsində onlarla dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb. Həmin faciə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olmaqla, tarixə qanla yazılmış ən faciəli səhifələrdən biri kimi düşüb.
20 Yanvar faciəsinin canlı şahidi, Qarabağ müharibəsi veteranı İlqar Abbasov həmin günlərdə yaşadıqlarını Operativ Media-ya danışaraq bildirir ki, hadisələrdən əvvəl ölkədə hökm sürən gərginlik hər kəs tərəfindən açıq şəkildə hiss olunurdu:
“1990-cı ilin yanvarında o, Sumqayıt şəhərinin indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, keçmiş “Nasosnıy” adlanan ərazidə yerləşən 2-ci Polis şöbəsində xidmət edirdim. Xidmət qrafikinə əsasən, yanvarın 19-u səhər saatlarından növbəti günün səhərinə qədər fasiləsiz işdə olmalı idim. Həmin dövrdə xüsusilə Bakıda vəziyyət son dərəcə gərgin idi və bu gərginlik təkcə siyasi proseslərlə deyil, həm də insanların psixoloji durumu ilə müşayiət olunurdu. Qəsəbə sakinləri baş verə biləcəkləri hiss edir, gecə-gündüz narahatlıq içində yaşayırdılar. Hamı böyük və dəhşətli bir hadisənin yaxınlaşdığını anlayırdı.
Bu narahatlığın səbəblərindən biri yanvarın 11-dən etibarən qəsəbə ətrafında yerləşən iki hərbi aerodroma ard-arda ağır yük daşıyan hərbi təyyarələrin enməyə başlaması idi. Təyyarələrin mühərrik səsləri adi uçuşlardan kəskin şəkildə fərqlənirdi və səslərindən onların içərisində ağır hərbi texnika olduğu hiss olunurdu. Boş qayıdan təyyarələrin səsinin xeyli zəif olması da bunu açıq şəkildə göstərirdi. Təyyarələr fasiləsiz şəkildə enib-qalxır, o qədər alçaqdan uçurdular ki, sanki təkərləri yaşayış binalarının damına toxunacaqdı. Bu vahiməli səslər uşaqları qorxuya salır, müharibə illərini yaşamış yaşlı insanlarda isə yaxınlaşan faciə ilə bağlı dərin təşviş yaradırdı.
Həmin təyyarələrlə saysız-hesabsız ağır hərbi texnikalar daşınırdı. Bu proses yanvarın 17-dək gecə-gündüz davam etdi. Ardınca, yanvarın 18–19-da artıq canlı qüvvənin, hərbiçilərin bölgəyə gətirilməsinə başlanıldı ki, bu da vəziyyətin daha da gərginləşdiyini göstərirdi.
Məhz həmin günlərdə aerodromdan qalxaraq geri qayıdan boş bir yük hərbi təyyarəsi gündüz saatlarında qəsəbə yaxınlığında Xəzər dənizinə düşərək qəzaya uğradı və göyərtəsində olan 12 nəfər həlak oldu. Bu hadisə artıq vəziyyətin nə qədər təhlükəli və nəzarətdən çıxdığını açıq şəkildə ortaya qoydu.
Eyni zamanda, yanvarın 16-sı və ya 17-si ölkə rəhbərliyinin Moskvaya getməsi ilə bağlı yayılan xəbərlər cəmiyyətdəki gərginliyi daha da artırdı. Respublikanın faktiki olaraq başsız qalması barədə yayılan bu məlumatlar fonunda rəsmi qurumlardan heç bir açıqlama verilmirdi. Radio və televiziya susur, telefon xətləri işləmirdi. Magistral yollarda yalnız bir neçə minik avtomobili görünür, yük maşınları və avtobuslar isə tamamilə hərəkətsiz qalırdı. Nəticədə cəmiyyətdə dərin bir boşluq və ümidsizlik hissi formalaşmışdı.
Bu ağır psixoloji fon yanvarın 19-u boyunca da davam etdi. Səhərdən axşama qədər hava tutqun idi və ətrafda elə bir sükut hökm sürürdü ki, sanki təbiət belə baş verəcək faciəni hiss edirdi. Axşam saatlarında qəsəbənin fəal sakinlərindən biri “Moskviç-İJ-Kombi” markalı avtomobillə gələrək hərbi texnikaların aerodromlardan çıxıb Bakı istiqamətində hərəkət etdiyini bildirdi. Bir qədər sonra isə yol kənarında dayanmasına baxmayaraq həmin avtomobilə atəş açıldığı xəbəri yayıldı. Ertəsi gün aparılan baxış zamanı avtomobilin güllə deşikləri ilə deşildiyi və salonunda qan ləkələrinin olduğu müəyyən edildi.
Baş verənlər bununla da bitmədi. Qaranlıq düşdükdən sonra hündür bir yerdən baxarkən Quba–Bakı avtomobil yolunun qəsəbə kənarından keçən hissəsində saysız-hesabsız hərbi texnikanın yalnız bir fənər yandırmaqla sıx düzülmüş halda irəlilədiyini gördük. Həmin an heç kimin ağlına gəlməzdi ki, bu texnika qarşısına çıxan hər şeyi tapdalayacaq və dinc insanlara qarşı istifadə ediləcək.
Gecə boyunca ətrafda dərin bir səssizlik hökm sürürdü. Nə gələn var idi, nə gedən. Elə bil həyat dayanmışdı və səhər hamı ayaqüstə açdı”.
Yanvarın 20-si səhər saat 9 radələrində İlqar Abbasov iş yoldaşı Gülhüseyn Tahirovla birlikdə avtomobillə Bakıya yollandı. Yol boyu hərbi texnikaların əzib-tapdaladığı, güllə deşikləri ilə dolu avtomobillərə rast gəldilər. Şəhərin girişində və demək olar ki, hər tinbaşında qurulan hərbi postlarda insanları maşınlardan düşürür, avtomobilləri yoxlayır, bəzən isə açıq-aşkar təhqir edirdilər. Küçələrdə demək olar ki, insan görünmürdü.
Nəticədə Bakı həmin gün tam bir matəm şəhərinə çevrilmişdi. Küçələr, binalar və gözlə görünən hər şey sanki səssizcə qan ağlayırdı.
İlqar Abbasov bu mənzərəni yalnız İkinci Dünya müharibəsi zamanı faşistlərin viran qoyduğu şəhərlər haqqında çəkilmiş filmlərlə müqayisə etdiyini bildirir.
“Bu gün torpaqlarımız azaddır və bu azadlıq şəhidlərin qanı bahasına qazanılıb. Bu tarixi həqiqəti yaşatmaq və gələcək nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur”, - deyə o, qeyd edib.
