Bu gün vergi işçilərinin peşə bayramıdır
11 fevral Azərbaycanda vergi işçilərinin peşə bayramıdır.
Operativ Media xəbər verir ki, ölkəmizdə müasir vergi xidmətinin yaradılması ilə əlamətdar olan bu tarixdən 26 il keçir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrından etibarən öz fəaliyyətini müstəqil orqan olaraq Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi davam etdirib və 11 fevral 2000-ci il tarixli Prezident fərmanı ilə onun bazasında Vergilər Nazirliyi yaradılıb. 23 oktyabr 2019-cu ildən etibarən isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fəaliyyət göstərir. Dövlət Vergi Xidməti ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edir və bu sahədə dövlət nəzarətini həyata keçirir.
Vergi sisteminin 26 illik fəaliyyəti dövründə iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb. Sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərinə uyğun olaraq, müxtəlif vaxtlarda vergi islahatları paketi hazırlanıb və bununla bağlı Vergi Məcəlləsində dəyişikliklər edilib. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun daim təkmilləşdirilir. Sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib. Son illər Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.
Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu getdikcə artır. Vergi sistemində aparılmış islahatlar vergi daxilolmalarının davamlı şəkildə artmasını təmin edir. Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır, bu məqsədlə beynəlxalq əlaqələr genişləndirilir. Biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir.
2025-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat və ya 2,1 faiz artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 102,7 faiz icra edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,7 faiz artıb. Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb. 2025-ci ilin yanvar–noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrünə nisbətən 12,3 faiz artaraq 3 milyard 832,2 milyon manat olub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 203 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 faiz artıb və 155,0 milyon manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 1 milyard 6,3 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 9,6 faiz artıb və 713,7 milyon manat təşkil edib. Xüsusilə qeyri-neft-qaz sektorundan daxilolmaların artması vergi islahatlarının ölkə iqtisadiyyatının diversifikasiya prosesinə töhfələrinin nəticəsi kimi səciyyələnir. Qeydə alınan bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir.
Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların böyük rolu var. “Kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi də son illər sürətlənib. Bu, bəyan edilən dövriyyələrdə, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir.
Dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərindəndir. Azərbaycanda vergi siyasəti biznes subyektlərinin fəaliyyətinə dəstək verən əsas iştirakçı kimi iqtisadi aktivliyi fəal təşviq edir. Vergi güzəştləri sahibkarlara səmərəli fəaliyyət üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunublar. İnvestisiya fəaliyyətinin cəlbediciliyinin artırılması üçün kifayət qədər geniş təşviqlər sistemi mövcuddur. “Yaşıl iqtisadiyyat”ın, innovasiyaların, xarici investisiyaların təşviqi istiqamətində də vergi güzəştləri mövcuddur. Bütün bunlar biznes subyektlərinin fəaliyyətinə fəal dəstək sərgiləyir.
Vergi sistemi həm də innovativ layihələrin həyata keçirilməsi ilə diqqəti çəkir. Bu kateqoriyadan olan “ƏDV geri al” layihəsi şəffaflaşma prosesini ictimai iştirakçılığı cəlb etməklə təmin edən unikal imkanlar yaradır. 2020-ci ilin may ayından etibarən həyata keçirilən “ƏDV geri al” layihəsində cəmiyyət böyük maraqla iştirak edir. Layihə fiskal stimulların verilməsi ilə ticarət obyektlərində dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağarmasına” təkan verir.
2025-ci ildə Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 191 milyon 98,9 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. Ötən il xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 10 milyon 533,3 min manat təşkil edib.
2025-ci ildə Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 31 milyon 366,9 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb. Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.
Azərbaycanın vergi sisteminə beynəlxalq etimad da yüksək səviyyədədir. Belə ki, ötən il və əvvəlki il üzrə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilib. Bu etimad ölkəmizin vergi sisteminə olan inamın təzahürüdür. Çünki bu mötəbər beynəlxalq təşkilata rəhbərlik qlobal biznes mühitində mühüm rola malik, mütərəqqi və dəyişikliklərə çevik uyğunlaşan vergi sistemlərinə etibar edilir. Beynəlxalq təşkilata sədrlik qlobal ictimai maraqlara xidmət etməklə beynəlxalq vergi siyasətinə təsir göstərmək, faydalı təşəbbüslər irəli sürmək və iqtisadi sabitliyə töhfə vermək imkanı yaradır. Azərbaycanın vergi sistemində formalaşmış bu ənənələr yeni çağırışlar şəraitində müasir transformasiya yoluna qədəm qoyub. Dövlətimizin milli inkişaf və sosial-iqtisadi inkişaf prioritetlərinə əsaslanaraq Dövlət Vergi Xidməti tərəfindən də inkişaf strategiyası hazırlanıb. Ortamüddətli dövrdə həyata keçiriləcək strategiya vergi yığımlarını təmin etməklə yanaşı, vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə və təşkilatın hərtərəfli inkişafı üçün səriştələrin artması istiqamətində fəaliyyətlərin icrasına yönəldilib. Sahibkarlığın inkişafına göstərilən dəstəyin artırılması, biznes mühitinin əlverişliliyinin təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi mühüm hədəflər sırasında yer alır. Strategiyanın əsas məqsədi investisiya və rəqabət mühitini təşviq etməklə bərabər, vergidən yayınmaqla qanunsuz vergi üstünlüyü əldə etməyə çalışan şəxslərin biznes cəmiyyətinə zərər vurmasının qarşısını almaq, ümumi məqsədə - inklüziv və dayanıqlı iqtisadi artıma nail olmaq üçün səmərəli, əlaqələndirilmiş və ardııl addımları təmin etməkdir.