İşdən çıxarılan şəxsə nə qədər pul ödənilməlidir?
Əmək münasibətlərində ən vacib hüquqlardan biri işçinin əmək müqaviləsinə xitam verilərkən ona ödənilməli olan işdənçıxarma müavinətidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 70 və 77-ci maddələrinə əsasən müəyyən hallarda işəgötürən bu ödənişi etmək öhdəliyi daşıyır. Qanun bu məbləğləri minimum hədd kimi müəyyən edir və tərəflər daha yüksək məbləğdə razılaşa bilərlər.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əminə İsmayılzadə Operativ Media-ya bildirib ki, ixtisar zamanı ödənilən müavinət Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatlar ixtisar edildikdə əmək müqaviləsinə xitam verildiyi hallarda tətbiq olunur.
Əmək Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işçiyə əmək stajından asılı olaraq aşağıdakı məbləğdə işdənçıxarma müavinəti ödənilir:
● 1 ilədək əmək stajı olduqda – 1 orta aylıq əməkhaqqı
● 1 ildən 5 ilədək – orta aylıq əməkhaqqının azı 1,4 misli
● 5 ildən 10 ilədək – orta aylıq əməkhaqqının azı 1,7 misli
● 10 ildən çox olduqda – orta aylıq əməkhaqqının azı 2 misli
Bu məbləğlər minimum hədd hesab olunur.
Xəbərdarlıq müddəti əvəzinə ödəniş də mümkündür. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinə xitam vermədən əvvəl işçini xəbərdar etməlidir:
● 1 ilədək əmək stajı – azı 2 təqvim həftəsi
● 1 ildən 5 ilədək – azı 4 təqvim həftəsi
● 5 ildən 10 ilədək – azı 6 təqvim həftəsi
● 10 ildən çox – azı 9 təqvim həftəsi
Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən, işçinin razılığı ilə xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə xitam verilə bilər və bu halda xəbərdarlıq müddətinin əvəzinə aşağıdakı məbləğlər ödənilir:
● 2 həftəlik müddət əvəzinə – 0,5 orta aylıq əməkhaqqı
● 4 həftəlik müddət əvəzinə – 0,9 orta aylıq əməkhaqqı
● 6 həftəlik müddət əvəzinə – 1,4 orta aylıq əməkhaqqı
● 9 həftəlik müddət əvəzinə – 2 orta aylıq əməkhaqqı
Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər olduqda, işəgötürən işçinin peşəsi, ixtisası və vəzifəsini saxlayaraq əmək şəraitini dəyişə bilər. İşçi yeni əmək şəraitinə razılıq vermirsə və onu başqa vəzifəyə keçirmək mümkün deyilsə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən xitam verilə bilər.
Belə hallarda xəbərdarlıq müddəti gözlənilmədən xitam verilərsə, işəgötürən işçiyə orta aylıq əməkhaqqından az olmayan məbləğdə ödəniş etməlidir. Bu ödəniş ixtisar müavinətindən əlavə hesablanır.
Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilirsə, ona orta aylıq əməkhaqqının azı 3 misli məbləğində müavinət ödənilir.
Mülkiyyətçi dəyişdikdə qanunla müəyyən edilmiş kateqoriyalı işçilərə əmək müqaviləsinə xitam verildikdə orta aylıq əməkhaqqının azı 3 misli məbləğində müavinət ödənilir.
İşçinin vəfatı halında isə onun vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli məbləğində müavinət ödənilir.
Nəticə olaraq, işdənçıxarma müavinətləri işəgötürənin seçimindən asılı ödəniş deyil, bir çox hallarda qanunla qorunan hüquqdur. İşçilər əmək müqaviləsinə xitam verilərkən onlara düşən məbləğləri bilməli və bu hüquqların qorunmasına diqqət yetirməlidirlər.
