Menyu

"Allah" deyən şirə qayıdırıq

Operativ Media
"Allah" deyən şirə qayıdırıq

Son dövrlərdə sosial şəbəkələrdə qlobal miqyasda heyvanların gündəm olması diqqət çəkdi. Əvvəl pinqvin, sonra isə meymun "Punch". Bəs niyə heyvanlar bu qədər gündəm olur? Trendlər insanlardan bezib?

Bu suala cavab axtarmazdan əvvəl meymun "Punch"ın hekayəsinə baxaq. Balaca meymunu anası qəbul etmədiyi üçün baxıcılarının ona verdiyi oyuncağa sığınır. Hətta sonradan yayılan bir videoda digər meymunların onu döydüyü üçün qorxub oyuncağını qucaqladığını görürük.

Emosional tərəfi aydın məsələdir. Bəs elmi praktikada bunun izahı var?

1950-60-cı illərdə amerikalı psixoloq Harri Harlou ana-uşaq bağlanmasının nə ilə formalaşdığını yoxlamaq üçün rezus meymunları üzərində eksperimentlər aparıb. O dövrdə "davranışlıq məktəbi" deyirdi ki, körpə anaya əsasən qida verdiyi üçün bağlanır. Harlou bu fikri sınaqdan keçirdi.

Körpə meymunları doğuşdan sonra analarından ayırdı və qəfəslərə qoydu. Qəfəsdə iki "ana" modeli vardı: dəmirdən hazırlanmış və üzərində butulka ilə süd olan "ana", yumşaq parçadan olan, lakin çox vaxt süd verməyən ikinci "ana".

Nəticədə meymunlar südü dəmirdən olan anadan içirdilər, amma vaxtlarının böyük hissəsini parça anaya sarılıb keçirirdilər.

Qorxu yaradan stimul veriləndə (məsələn, qəfəsə yad obyekt qoyulanda) meymunlar qaçıb parça anaya sığınırdılar.

Uzun müddət ana təmasından məhrum edilən meymunlarda sosial pozuntular, aqressiya və cütləşmə problemləri yarandı.

Bağlanma təkcə qida ilə bağlı deyil. Toxunma, istilik və emosional təhlükəsizlik əsas faktordur. Harlou bunu "contact comfort" (təmas rahatlığı) kimi ifadə edirdi.

Təcrübələrə əsasən, ana övladı ilə doğuşdan sonra dərhal təmasda olmasa, sonradan emosional əlaqə qurması nisbətən çətinləşir. Çünki oksitosin adlı bağlanma hormonu məhz bu zaman ifraz olunur.

Harlou bu təcrübəsinə görə etik cəhətdən tənqid olunsa da, öz suallarına müəyyən mənada cavab tapa bilmişdi.

Elmi tərəfini bir kənara qoysaq, işin alqoritmik hissəsi də maraqlıdır. Sosial şəbəkələr, hər gün məruz qaldığımız minlərlə süni intellekt hekayələri həm emosional olaraq, həm də rəqəmsal olaraq sanki hər şeyi dondurur. Süni intellekt, əlbəttə, çox önəmli faktordur. Faydaları saymaqla bitməz. Amma hekayələşmə fərqlidir. Emosiya istəyir. Süni emosiya isə hələ ki, kəşf olunmayıb. Mobil telefonlarda şəkil və videoların ilk çıxdığı dövrdə az qala hər kəsin telefonunda "Allah" deyən şir videosu var idi. Təəccüblü və maraqlı video idi. Uzun illər o tip videolar cibimizdə gəzdi. İzlədik, izlətdirdik. İnsanlarla bağlı çəkilişlərin çox az olduğu, əsasən gülməli heyvan videolarının aktual olduğu, internetin bu qədər populyar olmadığı ilk mobil videolardan danışıram. İllər keçdi, çoxumuz o videolara da, həmin hekayələrin qəhrəmanlarına da yuxarıdan aşağı baxmağa başladıq. Heyvanların hərəkətində məna axtarmağı gülməli hesab etdik. İnsan hekayələri populyarlaşdı. Pranklar, vaynlar, vloqlar, hər gün çəkilən "TikTok" videoları bizi daha real hekayələrlə iç-içə yaşamağa məcbur etdi. Sehri olmayan, günlük monoton, bəzən də azacıq yumor qatılmış bayağı hekayələr. İnsanlar bundan pul qazandı, işə, həyat tərzinə çevirdilər. Ancaq bir yerdə hər kəs doydu. Səbəb nə idi? Süni intellekt. İnsanların əziyyətlə çəkdiyi videoları süni intellektlə çox rahat düzəltmək oldu. İnternet süni video zibilxanasına döndü. Elə bu zaman platformalar süni intellektlə bağlı xəbərdarlıqlar etməyə başladı. Sosial şəbəkələr süni intellekt videolarına reklam əngəli, "YouTube" pul qazanmaqla bağlı məhdudiyyət, "Google" isə SEO dediyimiz oxunmada önə çıxmaq əngəlini gətirdi. Bu halda həm insan emosiyası, həm də alqoritm ortaq düşünməyə başladı. Süni hekayələr doyurmur. 2007-ci ildə çəkilmiş sənədli filmdə pinqvinin hərəkəti, meymunun öz situasiyasında reaksiyası artıq daha çox viral olmağa başladı. Qısaca desək, başa dönürük. "Allah" deyən şirə qayıdırıq.

Oxu.az / Həsən Fətəliyev

Əlaqəli Xəbərlər