Menyu

Vaşinqtonda törədilən təxribat: beynəlxalq hüquq müstəvisində qiymətləndirmə

Operativ Media
Vaşinqtonda törədilən təxribat: beynəlxalq hüquq müstəvisində qiymətləndirmə

Vaşinqton insidenti ətrafında formalaşdırılan media narrativi və siyasi kampaniyadan kənar Azərbaycan Prezidentinin mühafizə xidmətinə qarşı törədilən təxtibat hadisəsindən sonra sual yaranır.

Dövlət başçılarının xarici səfərləri zamanı onların şəxsi toxunulmazlığının və təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq hüquq normaları baxımından hansı əsaslar mövcuddur? Sözügedən məsələ beynəlxalq hüququn hansı hüquqi mexanizmləri ilə tənzimlənir?

Beynəlxalq müdafiədən istifadə edən şəxslərin müdafiəsi haqqında konvensiyanın tələbləri

Deputat, Siyasi elmlər doktoru Rizvan Nəbiyev Operativ Media-ya açıqlamasında bildirib ki, dövlət başçılarının şəxsi toxunulmazlığının və təhlükəsizliyinin təmin olunmasında Birləmiş Millətlər Təşkilatının əsasən 2 mühüm beynəlxalq konvensiyasını qeyd etmək lazımdır:

- 14 dekabr 1973-cü il tarixli “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya;

- 8 dekabr 1969-cu il Xüsusi Missiyalar haqqında Konvensiya.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası 1973-cü il Konvensiyasının iştirakçı dövlətləridir. Konvensiya ABŞ-a münasibətdə 13 dekabr 1976-cı ildə ratifikasiya edildikdən sonra 20 fevral 1977-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası isə 2 fevral 2001-ci il tarixli qanunla bu Konvensiyaya qoşulmuşdur.

1973-cü il Konvensiyası beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı zorakılığı cinayət hesab edir və iştirakçı dövlətləri bu halları cəzalandırmağa və ya ekstradisiya etməyə məcbur edir.

Konvensiyanın 1(a) maddəsinə görə, beynəlxalq müdafiədən istifadə edən şəxslərin əsas kateqoriyasına xarici ölkədə səfərdə olan dövlət başçıları və onları müşayiət edən ailə üzvləri daxildir. Həmçinin hökumət başçıları, xarici işlər nazirləri, diplomatik agentlər və onların ailə üzvləri də bu kateqoriyada yer alır.

Konvensiyanın 2-ci maddəsinə əsasən beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı aşağıdakı hərəkətlər cinayət sayılmalıdır:

a) beynəlxalq müdafiədən istifadə edən şəxsin rəsmi yerləşdiyi binaya, şəxsi yaşayış yerinə və ya nəqliyyat vasitəsinə qarşı onun şəxsiyyətini və ya azadlığını təhlükə altına qoya biləcək zorakı hücum;

c) belə hücumun törədilməsi ilə hədələmə;

d) belə hücuma cəhd;

Beynəlxalq hüquq kontekstində qiymətləndirmə

19 fevral 2026-cı il tarixində Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən Waldorf Astoria mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.

ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub. Bu məkan məhz 1973-cü il Konvensiyasındada təsbit olunduğu kimi, beynəlxalq müdafiədən istifadə edən dövlət başçısının səfər müddətində nəzərdə tutulmuş rəsmi yerləşdiyi bina və müvəqqəti şəxsi yaşayış yeri olmuşdur. Ərazi yerli polis və təhlükəsizlik qüvvələri ilə birgə mühafizə olunan təhlükəsiz zona olmuşdur.

Konvensiyanın 2-ci maddəsi dövlət başçısı üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin də onun şəxsiyyətini və ya azadlığını təhlükə altına qoya biləcək zorakı hücumlardan bə belə hücula hədələməkdən mühafizə olunmasını nəzərdə tutur. Dövlət başçısının nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Dövlət Mühafizə Xidməti dərhal müdaxilə edib.

Bir sıra media subyektlərində yayımlanan video və materiallar göstərir ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, təxribatçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər. Bu qrup həmçinin Azərbaycan siyasi rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib. Video görüntülərdən aydın olur ki, guya “dinc aksiya“ üçün gəlmiş təxribatçılardan biri hətta qəfil hərəkətlə mühafizəçilərin üzərinə atılaraq kardonunu yarmağa və təhlükəsiz zonaya daxil olmağa cəhd edib. Bu zorakı hərəkət dövlət başçısının avtomobilinə real təhlükə riskinin yaranması demək idi. Bu Konvensiyanın 2-ci maddəsi ilə Prezidentin “şəxsiyyətini və azadlığını təhlükə atına qoy biləcək nəqliyyat vasitəsinə zorakı hücum cəhdi“ kimi tövsif olunur.

Belə vəziyyətdə Dövlət Mühafizə Xidmətinin əməkdaşları səlahiyyətləri çərçivəsində operativ tədbirlər görərək birbaşa vəzifə borclarını – dövlət başçısının təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirmişlər. Onlar mövcud şəraitə uyğun və real təhlükəni dəf etmək məqsədilə təxribatçıları zərərsizləşdirmişdir. Beləliklə, sağlamlığa zərər vurmaq məqsədilə fiziki güc tətbiq olunmayıb, görülən təhlükəsizlik tədbirləri yalnız kardonun yarılmaması məqsədilə edilən müdaxilə olmuşdur.

Təxribatçılar tərəfindən edilən zorakı hücuma cəhdlər Konvensiyanın 2-ci maddəsində təsbit olunan hallara tam uyğun gəlir. Beləliklə, mühafizəçilər beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq müdafiə altında olan Azərbaycan Prezidentinə qarşı baş verən təxribatın qarşısını alıb və dövlət başçısının təhlükəsizliyini təmin ediblər.

Xüsusi missyalar haqqında konvensiya və təhlükəsizlik əməkdaşlarının statusu

Vaşinqtonda baş verənlər 8 dekabr 1969-cu il Xüsusi Missiyalar haqqında Konvensiyanın tətbiqi kontekstində də təhlil edilə bilər. Nəzərə alsaq ki, dövlət başçısının ABŞ səfəri yeni təsis olunmuş “Sülh Şurası“nın birinci iclasında iştirak olmuşdur. Bu kontekstdə dövlət başçısının qısamüddətli rəsmi səfəri “xüsusi missiya” kimi də nəzərdən keçirilə bilər.

BMT-nin Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyasına görə, səfərdə olan rəsmi missiyanın heyətinə təhlükəsizlik əməkdaşları da daxil edilə bilər. Onlara missiya müddətində toxunulmazlıq hüququ təmin olunur. Bu halda da mühafizəçilər də beynəlxalq hüquqa əsaslanan xüsusi müdafiə statusu qazanır və 1969-cu il Konvensiyasının 1(b) maddəsinin tətbiq dairəsinə düşür.

Vaşinqton insidenti ətrafında formalaşdırılan media narrativi və siyasi kampaniya

Dövlət Mühafizə Xidmətinin əməkdaşları öz vəzifələrini qanuni çərçivədə yerinə yetiriblər. Belə hallarda 1973-cü il Konvensiyasına əsasən, təxribatçılar məsuliyyət daşıyır və müvafiq qanuni tədbirlər görülməlidir. Belə ki, 1973-cü il Konvensiyası beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı zorakılığı cinayət hesab edir və iştirakçı dövlətləri bu halları cəzalandırmağa və ya ekstradisiya etməyə məcbur edir.

Videonun bəzi xarici media qurumlarında qərəzli şərhlərlə yayımlanması bunun Azərbaycana qarşı uzun illərdir qarayaxma aparan dairələrin növbəti kampaniyası olduğunu göstərir. Təsadüfi deyil ki, hadisə ilə bağlı ilk açıqlama verənlər arasında Amerika Erməni Milli Konqresi və qatı erməniprərəst konqresmen Frank Pallone yer aldı.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin mətbuat üçün yaydığı açıqlamada qeyd olunur ki, “ölkənin liderinə və mühafizə olunan kortejə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq həyata keçirilmiş təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi“ niyyətlidir.

Azərbaycan Prezidenti yanında Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri tədbir həm milli, həm də beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin təmininə yönəlib. Belə ki, təxribatçılar tərəfindən törədilən hərəkətlər, Konvensiya ilə qorunan şəxslərin təhlükəsizliyini pozmaq məqsədli olub və hüquqi cəhətdən cinayət tərkibinə malikdir.

Əgər vaxtında reaksiya verilməsə idi, bu halda hansı nəticələr yarana bilərdi? Beynəlxalq müdafiədən istifadə edən dövlət başçısının təhlükəsizliyinin təmini hipotetik suallara buraxıla bilməz.

Əlaqəli Xəbərlər