"Yerin təki haqqında" qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib
Milli Məclis su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilməsini ilk oxunuşda qəbul edib.
Operativ Media xəbər verir ki, bununla bağlı "Yerin təki haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilib ki, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq veriləcək, o cümlədən həmin qurum qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydaları müəyyən edəcək.
Bildirilib ki, yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar müəyyənləşəcək.
Layihədə vurğulanıb ki, yerin təki istifadəyə icazə əsasında bu qanun və "Lisenziyalar və icazələr haqqında" qanun ilə müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib. Təklif olunan dəyişikllik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcək.
Sənədə əsasən, qanuna "Yerin təki sahələrinin rekultivasiyası" adlı yeni maddənin əlavə edilməsi təklif edilib. Maddədə qeyd edilir ki, yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidirlər. Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə də yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldə edildikdən sonra 3 (üç) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.
Yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraq rekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və istiqamətləri, o cümlədən müddəti müəyyənləşdirilir, istismarın dərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğun olaraq rekultivasiya planı tərtib olunacaq.
Rekultivasiya planı hazırlanarkən aşağıdakılar nəzərə alınacaq:
- torpağın münbit qatının həcmi və götürüləcək torpağın toplandığı ərazi;
- faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;
- ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;
- süxurların saxlanılma dövründə öz xüsusiyyətlərini dəyişməsinin mümkünlüyü və ətraf mühitə təsiri;
- yeraltı suların çirklənməsinin yolverilməzliyi;
- faydalı qazıntıların istismarının müddəti;
- bərpanın üsulları və ardıcıllığı;
- bərpa müddəti.
Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.