Ombudsman yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə baş çəkib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsinə (Kompleksinə) başçəkmə həyata keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Ombudsmanın Mətbuat Xidməti məlumat yayıb.
Başçəkmə çərçivəsində diqqət yetkinlik yaşına çatmayan şəxslərin saxlanma şəraitinin qiymətləndirilməsi ilə yanaşı, onların gündəlik həyatına, hüquqlarını həyata keçirmək imkanlarına, təhsilinin və asudə vaxtının təşkilinə, habelə fərdi ehtiyac və müraciətlərinə yönləndirilib.
Müəssisədə həbs edilmiş və məhkum olunmuş uşaqlarla konfidensial şəraitdə görüşlər keçirilib, onların saxlanma şəraiti və rəftarla bağlı fikirləri öyrənilib, fərdi müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair hüquqi izahlar verilib.
Bununla yanaşı, başçəkmə Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “Sülh Aylığı” dövrünə təsadüf etdiyindən müəssisədə uşaqlarla hüquqi maarifləndirici görüş keçirilib, insan hüquqları və sülh mədəniyyəti, qarşılıqlı hörmət, münaqişələrin zorakılıqdan kənar həlli və cəmiyyətdə məsuliyyətli davranış mövzuları ətrafında söhbət aparılıb.
Yekunda müəssisə rəhbərliyi ilə görüş keçirilib, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha səmərəli təmini ilə bağlı müvafiq tövsiyələr verilib.
dəqiqələr içində saytın olsun.