Qaz avadanlıqlarının sertifikatı maksimum 5 il qüvvədə olacaq - YENİ QAYDA
Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların istehlak bazarına çıxarılmasından əvvəl təhlükəsizlik tələblərinə uyğunluğu təsdiqlənməlidir. Seriyalı istehsal olunan məhsullar üçün uyğunluq sertifikatı ən çoxu beş il müddətinə verilə bilər.
Operativ Media xəbər verir ki, qazla işləyən avadanlıqların təhlükəsizlik tələblərinə uyğunluğu uyğunluq bəyannaməsi və ya sertifikatlaşdırma yolu ilə qiymətləndirilir. Bu proses məhsulların istehsal mərhələsində və istehlak bazarına buraxılmazdan əvvəl həyata keçirilir.
Sertifikatlaşdırma istehsalçı, idxalatçı və ya ticarət nümayəndəsi ilə uyğunluğu qiymətləndirən qurum arasında bağlanan müqavilə əsasında aparılır. Hansı tərəfin müraciət edə bilməsi sertifikatlaşdırma sxemindən asılıdır. İstehsalçı müəyyən sxem üzrə özü müraciət edə bilər, digər sxemlərdə isə istehsalçı ilə yanaşı idxalatçı və ticarət nümayəndəsi də ərizəçi ola bilər.
Ərizəçi uyğunluğu qiymətləndirən qurumu özü seçə bilər. Seriyalı istehsal olunan qaz avadanlıqları üçün verilən uyğunluq sertifikatının qüvvədəolma müddəti maksimum beş ildir.
Məhsullar ayrı-ayrı partiyalarla təqdim edildikdə isə sertifikatın qüvvədəolma müddəti müəyyən edilmir. Belə sertifikat yalnız aid olduğu partiyaya daxil olan qurğu və avadanlıqlara şamil olunur.
Uyğunluq bəyannaməsi təqdim etmək istəyən ərizəçinin müvafiq tələblərə uyğunluğu təsdiqləyən sübutları olmadıqda və ya təqdim olunan sübutlar yetərli sayılmadıqda, yaxud ərizəçinin öz istəyi ilə bəyanetmə üsulu sertifikatlaşdırma ilə əvəz edilə bilər.
Qaydalar qazla işləyən qurğu və avadanlıqların təhlükəsizliyinin qiymətləndirilməsi prosesində istehsalçı, idxalatçı və satıcıların məsuliyyətini də nəzərdə tutur. Məhsulların müəyyən edilmiş tələblərə uyğunluğuna görə istehsalçı, idxalatçı və istehlak bazarına çıxarılmasına cavabdeh olan ticarət nümayəndəsi öz fəaliyyət sahəsinə uyğun məsuliyyət daşıyır.
Qeyd edək ki, yeni qaydalar noyabrın 6-dan qüvvəyə minəcək.