Menyu

Ev heyvanı saxlayanlar hansı hallarda cərimələnə bilər? - QANUN

Operativ Media
Ev heyvanı saxlayanlar hansı hallarda cərimələnə bilər? - QANUN
1 dəq oxu

Ev heyvanlarının saxlanılması və gəzdirilməsi qaydalarını pozan şəxslər 200 manatdan 1 000 manatadək cərimə oluna bilər. Qayda pozuntusu nəticəsində kiməsə xəsarət yetirilərsə və ya maddi zərər vurularsa, cərimənin məbləği daha yüksək olur.

Operativ Media xəbər verir ki, it, pişik və digər ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılması, qidalandırılması, gəzdirilməsi və yetişdirilməsi, eləcə də onların nəqliyyat vasitələri ilə daşınması qaydalarının pozulması inzibati məsuliyyət yaradır.

İt və pişiklərin müəyyən edilmiş saydan artıq saxlanılması, itlərin ümumi məhəllələrdə və küçələrdə cilovsuz gəzdirilməsi də cərimə ilə nəticələnə bilər. İri itlərin isə həmçinin buruntaqsız gəzdirilməsi qadağandır.

Alkoqollu içkilər, narkotik vasitələr və ya digər güclü təsir edən maddələr qəbul edərək sərxoş vəziyyətdə olan şəxslərin ev heyvanlarını gəzdirməsi, eləcə də heyvanların insanların üzərinə saldırılması da qayda pozuntusu hesab olunur.

Heyvanların yarış zamanı və ya sağlamlığına və rifahına təhlükə yarada biləcək digər hallarda təbii imkanlarını artırmaq və ya azaltmaq məqsədilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiqi də qadağandır.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görünüşünü dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlərlə quyruğunun və qulaqlarının kəsilməsi, səslərinin çıxarılmasına yönələn devokalizasiya, dırnaq və dişlərinin çıxarılması kimi cərrahi əməliyyatların aparılmasına da yol verilmir.

Ev heyvanını saxlayan və ya ona baxan şəxsin müəyyən edilmiş qaydada heyvana lazımi qayğı göstərməməsinə görə 200 manat cərimə tətbiq edilir. Bu pozuntuya görə inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində eyni əməl təkrar törədilərsə, cərimə 300 manat olur.

Qayda pozuntusu nəticəsində zərərçəkənin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya ona maddi zərər vurularsa, 800 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur. Bu cəza həmin əməllər cinayət məsuliyyətinə səbəb olmadığı hallarda tətbiq edilir.

Əlaqəli Xəbərlər