Qaz, işıq və sudan qanunsuz istifadə edənləri nə qədər cərimə gözləyir? - MƏBLƏĞ
Qaz, elektrik enerjisi və sudan istifadə qaydalarını pozan, kommunal şəbəkələrə qanunsuz qoşulan və su ehtiyatlarını israf edən şəxslər cərimələnə bilər.
Operativ Media xəbər verir ki, bəzi pozuntulara görə cərimənin məbləği 5 min manatadək çata bilər.
Belə ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində 5 min manatdan çox olmayan ziyan vurulmasına görə fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə edilir.
Qaz, elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər 30 manatdan 40 manatadək, vəzifəli şəxslər 70 manatdan 90 manatadək, hüquqi şəxslər isə 250 manatdan 300 manatadək cərimələnə bilər.
Su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsi, su obyektlərinin qanunsuz tutulması, eləcə də su obyektlərindən istifadə üçün verilmiş lisenziya və ya icazənin şərtlərinin pozulması da cərimə ilə nəticələnir. Bu hallarda fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manatadək cərimə edilirlər.
Sudan istifadə limitlərinə əməl etməmək, su ehtiyatlarından israfçılıqla istifadə etmək, içməli, məişət, texniki və tullantı sularını küçələrə, çöllərə, rabitə və enerji kommunikasiya şəbəkələrinə axıtmaq da cərimə səbəbidir. Bu pozuntulara görə fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimələnə bilər.
Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində 5 min manatdan çox olmayan ziyan vurularsa, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 500 manatdan 3 500 manatadək cərimə edilirlər.