Qazın verilişi hansı hallarda avtomatik kəsilə bilər? - QANUN
Azərbaycanda qazla işləyən qurğuların təhlükəsizliyi ilə bağlı yeni tələblərə əsasən, müəyyən hallarda dəm qazının konsentrasiyası normadan artıq olduqda qazın verilişi avtomatik dayandırılmalıdır.
Operativ Media xəbər verir ki, tüstü bacası və yanma məhsullarının kənarlaşdırılması sistemində nasazlıq yarandıqda da qurğuların odluqlarına qaz verilişi kəsilməlidir.
Texniki reqlamentə əsasən, qazla işləyən qurğuların alışdırılması və təkrar alışdırılması zamanı yanmamış qazın təhlükəli miqdarda toplanmasının qarşısı alınmalıdır.
Bu məqsədlə alışdırma zamanı odluğun işəsalma gücü və alışma vaxtı, təkrar alışdırma cəhdlərinin sayı, eləcə də alov söndükdə qaz verilişinin dayandırılması müddəti məhdudlaşdırılmalıdır.
Tüstü bacasına qoşulmuş qaz qurğuları yanma məhsullarının təsadüfən istifadə olunan məkana buraxılmasının qarşısını almalıdır. Həmçinin yanma məhsullarının kənarlaşdırılması sistemində nasazlıq yarandıqda odluğa qaz verilişi avtomatik kəsilməlidir.
Tüstü bacasına qoşulmayan və yanma məhsullarının kənarlaşdırılması üçün sorucu avadanlıqla təchiz edilməyən isidici və suqızdırıcı qurğular üçün də xüsusi tələb müəyyənləşdirilib. Belə qurğuların təhlükəsizlik avadanlığı havanın vəziyyətinə nəzarət etməli, məkanda dəm qazının konsentrasiyası icazə verilən həddi aşdıqda isə odluqlara qaz verilişini dayandırmalıdır.
Beləliklə, tələblər qaz qurğularında yanmamış qazın toplanması, yanma məhsullarının otağa yayılması və dəm qazının normadan artıq olması ilə bağlı risklərin qarşısının alınmasına yönəlib.