Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb
Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit yekunlaşıb.
Operativ Media xəbər verir ki, sammitin bağlanış sessiyasında BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və dövlət idarəçiliyində innovativ yanaşmaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, sammit çərçivəsində aparılan müzakirələrin və nəticələrin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, idarəetmə sistemlərinin müasirləşdirilməsinə və gələcəyə hazır dövlət institutlarının formalaşdırılmasına töhfəsi qeyd olunub. Ölkələr arasında təcrübə mübadiləsinin davam etdirilməsinin, birgə təşəbbüslərin inkişaf etdirilməsinin və vətəndaşyönümlü dövlət xidmətlərinin genişləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.
2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunan sammitdə təşkilata üzv ölkələrin nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edib.
Tədbir çərçivəsində dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və “ASAN xidmət” ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzular müzakirə edilib.