Norveçin Baş naziri Avropanı Rusiya ilə danışıqlara çağırıb
Norveçin Baş naziri Yonas Qar Störe hesab edir ki, Avropa Ukrayna münaqişəsinin başa çatması üçün Rusiya ilə danışıqlar aparmalıdır.
Operativ Media xəbər verir ki, o, bu barədə “Politico” nəşrinə müsahibəsində bildirib.
Störe qeyd edib ki, Avropanın Moskva ilə dialoqdan yayınması münaqişənin başa çatacağı anlamına gəlmir. Onun sözlərinə görə, Avropa Rusiyanın iştirakı olmadan müharibənin sona çatacağını düşünməklə yanılır.
Baş nazir Avropanın Rusiya ilə danışıqlara başlamasının vacibliyini vurğulayıb. O, bu prosesə Böyük Britaniya, Fransa və Almaniyadan ibarət “Avropa üçlüyü”nün rəhbərlik etməsini təklif edib.
Rusiya Prezidenti Vladimir Putin isə ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduqlarını bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək. Rusiya nümayəndə heyətinə dövlət başçısının köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Görüşdə Fransa da daxil olmaqla, Avropa ölkələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Bundan əvvəl Brüsseldəki mənbələr Avropa İttifaqının Rusiya və ABŞ ilə danışıqlar aparmaq üçün hazırda nə xüsusi nümayəndəsinin, nə müəyyən edilmiş mövqeyinin, nə də müvafiq mandatının olduğunu təsdiqləyiblər.