Menyu

Gələn ildən binalarda pasportlaşdırılma aparılacaq – Yeni qaydalar

Xəbərlər redaksiyası
Gələn ildən binalarda pasportlaşdırılma aparılacaq – Yeni qaydalar
3 dəq oxu

2027-ci il yanvarın 1-dən Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları qüvvəyə minəcək.

Operativ Media xəbər verir ki, yaşayış və qeyri-yaşayış binalarının pasportlaşdırılması məcburi olacaq, sənəddə binanın enerji effektivliyi sinfi, karbon emissiyası, enerji sərfi və digər göstəricilər əksini tapacaq.

Yeni qaydalara əsasən, enerji effektivliyi pasportu binanın enerji effektivliyi sinfini müəyyən edən və onun əsas texniki göstəriciləri barədə məlumatları özündə birləşdirən sənəd olacaq. Pasportlaşdırma binanın mülkiyyətçisinin və ya idarəçisinin müraciəti əsasında, müvafiq lisenziyaya malik və enerji effektivliyi informasiya sisteminə giriş hüququ olan tərtibatçı tərəfindən həyata keçiriləcək.

Pasportlaşdırılması qanunvericiliklə məcburi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binaları bu prosedurdan keçməlidir. Məcburi pasportlaşdırılma tələbinə daxil olmayan digər binalar və tikililər üçün isə enerji effektivliyi pasportunun əldə edilməsi könüllü olacaq.

Enerji effektivliyi pasportunda binanın ünvanı, ümumi və tikinti sahəsi, tipi, tikildiyi il, mülkiyyətçisi və ya idarəçisi barədə məlumatlar, həmçinin baş fasadının görünüşü göstəriləcək. Sənəddə binanın enerji effektivliyi və karbon emissiyası sinifləri, bərpa olunan enerji mənbələrindən istehsal edilən enerjinin ümumi enerji sərfindəki payı da əks olunacaq.

Bundan başqa, istilik və soyuqluq təchizatı, isti su, işıqlandırma və havalandırma üçün enerji sərfi, bu istiqamətlər üzrə enerji effektivliyi sinfi, eləcə də effektivliyin yüksəldilməsi ilə bağlı tərtibatçının izah və tövsiyələri pasporta daxil ediləcək. Sənəddə onun tərtibatçısı, verilmə tarixi, hansı mərhələdə – layihələndirmə və ya istismar dövründə – hazırlandığı və etibarlılıq müddəti də qeyd olunacaq.

Pasport elektron sənəd formasında tərtib ediləcək. Sifarişçinin istəyindən asılı olaraq, sənəd kağız daşıyıcıda və ya elektron formada da təqdim oluna bilər.

Pasportlaşdırma yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binaların tikinti layihələrinin hazırlanması, eləcə də binaların istismarı zamanı həyata keçiriləcək. Tikinti layihəsi hazırlanarkən binanın enerji effektivliyi sinfinin A, B və ya C siniflərindən birinə uyğun olması tələbi layihə tapşırığında göstərilməlidir. Layihələrin ekspertizası zamanı bu tələblərə uyğunluq yoxlanılacaq.

Qaydalar qüvvəyə minənədək tikintisinə icazə verilmiş, lakin istismarına icazə verilməmiş binaların enerji effektivliyi pasportunun əldə edilməsi isə mülkiyyətçi və ya idarəçi üçün könüllü olacaq.

Enerji effektivliyi pasportu tərtib edildiyi tarixdən etibarən, binada yenidənqurma və ya əsaslı təmir işləri aparılmadığı halda 10 il qüvvədə qalacaq. Belə işlər görüldükdə pasport layihələndirmə mərhələsində yenidən hazırlanmalıdır.

Binanın enerji effektivliyi sinfi tikinti və istismara icazə sənədlərində tikinti obyektinin əsas texniki göstəriciləri sırasında göstəriləcək və müvafiq məlumat Tikintilərin Dövlət reyestrinə daxil ediləcək. Pasportlaşdırmaya dövlət nəzarətini Energetika Nazirliyi həyata keçirəcək.

Pasportun hazırlanması üçün tərtibatçı müvafiq lisenziyaya malik olmalıdır. Pasportlaşdırma sifarişçi ilə tərtibatçı arasında bağlanan müqavilə əsasında aparılacaq. Sifarişçinin istəyi və tərtibatçının razılığı ilə binanın enerji effektivliyinin artırılması üçün əlavə tövsiyələr hazırlana, tikinti və istismar dövründə monitorinq aparılaraq nəticələr barədə hesabatlar təqdim edilə bilər. Bu tövsiyələr əsaslandırılmış, texniki baxımdan mümkün və iqtisadi cəhətdən səmərəli olmalıdır.

Sifarişçi pasportda göstərilən enerji effektivliyi sinfi ilə razılaşmadıqda, sənəd ona təqdim edildiyi gündən 10 iş günü ərzində inzibati qaydada Energetika Nazirliyinə və ya məhkəməyə müraciət edə bilər. Nazirlik müraciətə aidiyyəti qurumların rəylərini almaqla baxacaq.

Binanın enerji effektivliyi sinfinin tərtibatçının səhvi və ya sifarişçinin natamam, yaxud düzgün olmayan məlumat təqdim etməsi səbəbindən yanlış müəyyən edildiyi aşkar olunarsa, hər iki halda pasport yenidən tərtib edilməlidir.

Tərtibatçı enerji sərfinin hesablanması metodologiyasından və enerji effektivliyi informasiya sistemindən istifadə etməklə pasportlaşdırmanı aparmalı, hazırlanmış sənədi sifarişçiyə təqdim etməli, görüləcək işlər və tələb olunan məlumatlar barədə onu məlumatlandırmalıdır. O, həmçinin proses zamanı əldə etdiyi məlumatların dövlət və kommersiya sirri kimi qorunmasını təmin etməlidir.

Tərtibatçı binanın layihə sənədləri ilə tanış olmaq və onları təhlil etmək, istismarda olan binaya baxış keçirmək hüququna malikdir. Sifarişçi tələb olunan məlumat və sənədləri təqdim etmədikdə və ya binaya baxış keçirilməsinə mane olduqda isə tərtibatçı pasportlaşdırmadan imtina edə bilər.

Əlaqəli Xəbərlər