Cahangir Seyed Abbasi: “İntizamlı oyun bizə qələbə qazandırdı”
“İlk oyunda futbolçumuz zədələnməsəydi, digər qarşılaşmalarda da daha yaxşı nəticələr əldə edə bilərdik. Buna baxmayaraq, komandamızın çıxışından razı qaldım”.
Operativ Media xəbər verir ki, bunu voleybol üzrə 16 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyed Abbasi EEVZA çərçivəsində keçirilən Avropa çempionatının birinci təsnifat mərhələsində komandanın çıxışını dəyərləndirərkən bildirib.
Mütəxəssis ilk oyunda ev sahibi Latviya ilə qarşılaşdıqlarını, matça yaxşı başlasalar da, setin ortalarında əsas oyunçularından birinin zədələnməsinin komandaya mənfi təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu hadisə oyunçularda ruh düşkünlüyü yaradıb və həm həmin görüşdə, həm də növbəti matçda məğlubiyyətə səbəb olan amillərdən biri olub.
Baş məşqçi Ukrayna ilə son qarşılaşmada isə komandanın daha yaxşı çıxış etdiyini vurğulayıb. O, bütün voleybolçuların tapşırıqları düzgün yerinə yetirdiyini, intizamlı və kollektiv oyun nümayiş etdirərək 3:0 hesablı qələbə qazandıqlarını bildirib.
Cahangir Seyed Abbasi bu nəticənin oyunçulara düzgün və intizamlı mübarizənin əhəmiyyətini göstərdiyini söyləyib. O, yarışda iştirak edən komandaların uşaq voleybolunda böyük təcrübəyə malik olduğunu, Azərbaycan millisinin də bundan nəticə çıxararaq gələcək turnirlərdə daha uğurlu çıxış etməyə çalışacağını qeyd edib.
Baş məşqçi sonda komandaya dəstək olan Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə, məşqçi və həkim heyətinə, eləcə də azarkeşlərə təşəkkürünü bildirib.